Xasay Həsənli: “Sənan Süleymanovu layiqincə əvəzləyəcəm”

Müsahibə
22 Dekabr 2023 12:28
665
Xasay Həsənli: “Sənan Süleymanovu layiqincə əvəzləyəcəm”

“Son yarışım U-23 dünya çempionatı olmuşdu. Yaxşı formadayam”.

Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan çempionu Xasay Həsənli (77 kq) deyib.

Lənkəran güləş məktəbinin yetirməsi bütün görüşlərdə rəqiblərinə vaxtından əvvəl qalib gəlib. O bildirib ki, bu hələ onun formasının zirvəsi deyil: “Rəqiblərim çox güclü idi. Təcrübəli Azad Əliyev və gənc istedad Davud Məmmədovu qeyd edərdim. Çıxışımı yaxşı qiymətləndirərdim. Amma bir qədər də artırmalıyam. Fiziki gücüm tam istədiyim kimi deyil. Bunu aradan qaldırsam, beynəlxalq arenada da uğur qazanacağıma inanıram”.

21 yaşlı pəhləvanın qarşıdakı hədəflərini də açıqlayıb: “Gələn il ölkəmizdə keçiriləcək U-23-lərin Avropa çempionatında uğurlu çıxış etmək istəyirəm. Qızıl medal qazanıb, bayrağımızı dalğalandırmaq arzusundayam. Böyüklər arasında çəkimdə lider Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Sənan Süleymanovdur. O bizə əsl nümunədir. Gələcəkdə onu layiqincə əvəzləyəcəm”.

Qeyd edək ki, 77-kq-da gümüş medalı Davud Məmmədov, bürünc medalları isə Azad Əliyev və Alim Balaşlı qazanıb.

Emin Ağa
İdman.biz