Alyona Kolesnik: “Rəqiblə yox, hakimlərlə güləşirdim”

Xəbərlər
15 Yanvar 2024 10:35
1 368
Alyona Kolesnik: “Rəqiblə yox, hakimlərlə güləşirdim”

“İlin ilk turnirində hər şey yüksək səviyyədə oldu və güclü rəqiblər var idi”.

Bunu İdman.bizə Azərbaycan millisinin güləşçisi Alyona Kolesnik deyib.

59 kq çəkidə mübarizə aparan güləşçi Xorvatiyada keçirilən ilin ilk yarışı "Zaqreb Open"də çıxışını dəyərləndirib. O bildirib ki, ən çətin görüşü 3-cü yer uğrunda olub: “Rəqibimlə yox, hakimlərlə güləşirdim. Çünki etdiyim fəndləri və hərəkətləri hakimlər rəqibimin aktivinə yazırdı. Çox çətin keçdi. 0:8 hesabı uduzurdum. Daha sonra isə itirdiyim xalları geri almağa başladım və qələbə qazandım”.

O, Xorvatiyadakı səhvlərini Budapeştdə Avropa çempionatına kimi aradan qaldırmağa çalışacağını deyib: “Təbii ki, Avropa çempionatından sonra lisenziya xarakterli turnir olacaq. Türkiyədə keçiriləcək bu yarışda isə 57 kiloqram çəkidə mübarizə aparmaq istəyirəm. Düşünürəm ki, burada hər şey ədalətli şəkildə baş verər”.

Kolesnik əsas məqsədinin Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduğunu bildirib: “Şəxsi məşqçimə öz minnətdarlığımı bildirirəm. Onun sayəsində daha yaxşı güləşçiyə çevrilmişəm və özümə inamımı artırmışam”.

Qeyd edək ki, Alyona bürünc medal uğrunda macarıstanlı Nikolet Şaboyla qarşılaşıb və 11:8 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz