Aleksandr Tarakanov: “Bütün liderlər Avropa çempionatında çıxış edəcək” - MÜSAHİBƏ

Müsahibə
17 Yanvar 2024 15:56
698
Aleksandr Tarakanov: “Bütün liderlər Avropa çempionatında çıxış edəcək” - MÜSAHİBƏ

Azərbaycanın yunan-Roma güləş üzrə yığmasının baş məşqçisi Aleksandr Tarakanov İdman.biz-ə müsahibəsi

- Poreçdə təlim-məşq toplanışı necə gedir?

- Əla! Burada 25 ölkədən komanda var. Üç axınla məşq edirik, sparrinq üçün böyük seçim var - həm aparıcı "klassiklər", həm də, deyək ki, orta məşq edən idmançılar. Yəni hazırlıq prosesi üçün seçim böyükdür. Hamı yaxşı əhval-ruhiyyədə işləyir - həm məşqçilər, həm də idmançılar. Üstəlik, yarışlarda müəyyən səhvlər oldu ki, biz onları düzəltməyə çalışırıq.

- Komanda Zaqrebdə möhtəşəm çıxış etdi. Aydındır ki, bu, nüfuzlu turnir idi. Lakin əsas yarışlar hələ qarşıdadır. Komandanın bu mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?

- Düzgün dediniz ki, bu, başlanğıcdır və onun özünəməxsus xüsusiyyəti var. Bundan əvvəl bir çox idmançımız dörd ay idi ki, hansısa yarışda çıxış etməmişdi. Buna görə də çox iş görüldü. Bu üzdən əsas hazırlıq Zaqreb turnirinə deyil, Avropa çempionatına yönəlib. Ardınca lisenziya xarakterli yarışda ən yaxşı yaxşılarla iştirak edəcəyik. Elə buna görə də Zaqrebdən əvvəl güləşçilər fərdi hazırlıq keçməyiblər.

- Üçqat dünya çempionu Eldəniz Əzizli toplanışda komandaya qoşulsa da, iki dəfə mundialın ən güclüsü olan Rafiq Hüseynov Xorvatiyaya getməyib. Onun yoxluğunun səbəbi nədir?

- Məsələ burasındadır ki, Rafiq son anda xəstələndi. Ona görə də evdə qaldı. O, turnirdə iştirak etmək və döyüşmək istəyirdi. Lakin o, komanda yoldaşlarını yoluxdura bilərdi. Bu səbəbdən də belə qərar verdik. Rafiq fərdi proqram üzrə məşq edir. Hüseynovun Bakıda sınaq görüşləri üçün rəqibləri də var.

- Komandanı bu yaxınlarda Rumıniyada Avropa çempionatı gözləyir. Apreldə isə Olimpiya lisenziyaları uğrunda mübarizə Bakıda gerçəkləşəcək. Təqvimin sıxlığı və heyətin müəyyənləşdrilməsi yönündə işlər necə gedir?

- Demək olar ki, bütün liderlər Avropa çempionatında çıxış edəcək. Çünki o zaman lisenziya turnirinin başlamasına bir ay vaxtımız qalacaq. Öncə heyəti müəyyənləşdirmək, sonra liderlərin öz aralarında necə mübarizə aparacağına baxmaq vacibdir ki, Bakıda keçiriləcək yarış üçün komanda formalaşsın.

- Ümumiyyətlə, liderlərimiz göz qabağındadır. Elə çəki dərəcələri var ki, orada güləşçilər sabitlik baxımından “artırmalıdır”?

- Biz bunun üzərində işləyirik. Məsələn, Poreçdəki təlim-məşq toplanışımızı götürək. Gənc idmançılarımız Bakıda məşq edirlər. Bundan sonra onlar xaricdəki toplanışdan qayıdacaq daha təcrübəli güləşçiləri xalça üzərində görəcək, onlarla sparrinqlər keçməkdən faydalanacaqkar. Beləliklə, iş prosesi gedir. Biz, eyni zamanda güləş taktikası və sonradan turnirlərdə istifadə oluna biləcək bəzi texniki fəndlər üzərində işləyirik.

Banuçiçək Hüseynli
İdman.biz