Xasay Həsənli Sənan Süleymanovla güləşmək istəyir: “Bu çəkinin lideri...”

Müsahibə
27 Yanvar 2024 10:55
1 020
Xasay Həsənli Sənan Süleymanovla güləşmək istəyir: “Bu çəkinin lideri...”

"İlə uğursuz başlamağımın gələcək yarışlarıma mənfi təsir göstərməməsinə çalışacam. Zaqrebdəki yarış nə dünya, nə də Avropa çempionatı deyildi".

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) deyib.

İlin ilk yarışı - "Zaqreb Open"də ilk mərhələdə finlandiyalı Conni Sarkkinenə uduzan 22 yaşlı pəhləvanı Xorvatiyada məğlubiyyətin səbəbini açıqlayıb: "Sırf səhvlərim ucbatından uduzdum. Çox tələsdim, rəqibi vaxtından əvvəl məğlub etmək istəyirdim. Amma özüm əks-hücuma düşdüm. Rəqibə xallar verdim. Belə turnirlərdə səhvlər yaxşı təcrübə oldu. Qarşıda məni U-23 Avropa çempionatı və bir sıra beynəlxalq yarışlar gözləyir. Xorvatiyada məşqlərimiz davam edir. Bu turnirlərə daha yaxşı hazırlaşacağıq".

O, həmçinin ölkə çempionatındakı rəqabətə də toxunub. Ötən ilin sonu Azərbaycan çempionatında bütün rəqiblərinə vaxtından əvvəl qalib gələn Həsənli etiraf edib ki, 77 kq-da rəqabət aşağıdır: "Azərbaycan çempionatında elə çəki dərəcələri var ki, rəqabət güclüdür. Buna 97 kq-ı misal göstərmək olar. Amma elə çəkilər var ki, orda güləşənlər arasında yalnız ikisi, üçü yaxşı olur. Mənim çəki dərəcəmdə də belədir. Ümid edirəm ki, bu, növbəti ildə düzələr. Çünki hər il vəziyyət dəyişir. Bu çəkinin lideri olan Sənan Süleymanovla güləşmək istəyərəm. Güclü idmançı ilə mübarizə apardıqda daha da yaxşı inkişaf edirsən. Ona qalib gələ biləcəyim haqqında isə nəsə deyə bilmərəm. Hazırda Sənan çox yaxşı formadadır. Mən də öz üzərimdə işləyirəm".

Emin Ağa
İdman.biz