Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycanın çimərlik güləşçisi Nihad Süleymanlı gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarışı ikinci pillədə başa vurub.
Nihad Süleymanlı finala gedən yolda uğurlu çıxış edib. Qrup mərhələsində keçirdiyi üç görüşün hamısında qalib gələn güləşçimiz yarımfinalda Yunanıstan təmsilçisi Konstantinos Mourtzilakisi tuşla məğlub edib.
Finalda isə Süleymanlı Seneqal təmsilçisi Maguette Diopa 0:4 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, Süleymanlı Azərbaycan millisinin Dakar-2026-da ikinci medalını qazanıb. Daha əvvəl cüdoçu İbrahim Talıbov 55 kq çəki dərəcəsində qızıl medala sahib çıxmışdı.
Digər təmsilçimiz, 55 kq çəki dərəcəsində çıxış edən Günel Kərimli bürünc medal uğrunda görüşdə də məğlub olaraq Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.
21:50
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycanın çimərlik güləşçisi Nihad Süleymanlı finala yüksəlib.
İdman.Biz xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Yunanıstan idmançısı Konstantinos Mourtzilakislə qarşılaşıb. Rəqibinə tuşla qalib gələn Süleymanlı qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Bununla da Nihad Azərbaycan millisinin Dakar-2026-da ikinci medalını təmin edib. Daha əvvəl cüdoçu İbrahim Talıbov 55 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Digər təmsilçimiz Günel Kərimli isə finala yüksələ bilməyib. 55 kq çəki dərəcəsində çıxış edən güləşçimiz yarımfinalda Seneqal idmançısı Elizabet Diattaya 0:3 hesabı ilə məğlub olub. Kərimli bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, hər iki güləşçimiz qrup mərhələsini üç qələbə ilə başa vuraraq yarımfinala yüksəlmişdi.
20:07
Bu gün Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin 4-cü Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışlara start verilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan komandasının iki idmançısı da Oyunlarda mübarizəyə başlayıb.
Təmsilçilərimizdən Nihad Süleymanlı (80 kq) və Günel Kərimli (55 kq) qrup mərhələsində keçirdikləri üç görüşü qələbə ilə başa vurublar.
80 kq çəki dərəcəsində mübarizə aparan Nihad Süleymanlı C qrupunda əvvəlcə Əlcəzair təmsilçisi Kəbir Kraledə, daha sonra isə hindistanlı Depanşu Kokara qalib gəlib. Güləşçimizin qrup mərhələsində sonuncu rəqibi mərakeşli Abdelcalil Benelyasser olub. Bu görüşdə də rəqibini məğlub edən Nihad yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz finala vəsiqə uğrunda yunanıstanlı Konstantinos Mourtzilakislə üz-üzə gələcək.
Digər təmsilçimiz Günel Kərimli (55 kq) də A qrupunda inamlı çıxış edib. Təmsilçimiz ilk görüşdə latviyalı Anastasiya Yakovlevanı məğlub edib. İkinci qarşılaşmada qvineyalı Foula Mariama Kaba yarışda iştirak etmədiyi üçün idmançımıza texniki qələbə verilib. Günel qrupda keçirdiyi sonuncu görüşündə isə mərakeşli Rəna Lahsini üstələyib.
Beləliklə, Günel Kərimli də adını yarımfinala yazdırıb. Güləşçimiz finala vəsiqə uğrunda seneqallı Elizabet Diatta ilə qarşılaşacaq.
16:45
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Nihad Süleymanlı C qrupunda ilk görüşündə əlcəzairli Kraled Kebiri 4:0 hesabı ilə məğlub edib. O, ikinci qarşılaşmasında isə hindistanlı Xoxar Dipanşuya 3:0 hesabı ilə qalib gəlib.
55 kq çəki dərəcəsində çıxış edən Günel Kərimli A qrupunda ilk görüşündə latviyalı Anastasiya Jakovlevanı 3:2 hesabı ilə üstələyib. İkinci görüşdə isə rəqibi – qvineyalı Mariama Fula Kaba yarışda iştirak etmədiyi üçün təmsilçimiz texniki qələbə qazanıb.
Azərbaycan çimərlik güləşində ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki güləşçimiz noyabrın 8-də yarışlara qoşulacaq.
Azərbaycan millisinin hesabında hələlik bir qızıl medal var. Komandamızın yeganə mükafatını cüdo yarışlarında 55 kq çəki dərəcəsində çempion olan İbrahim Talıbov qazanıb.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Olimpiya Oyunlarında 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın idmançı yarışır. Azərbaycan səkkiz idman növündə 13 idmançı ilə təmsil olunur.
