Karpat dağlarından 16 medalla

Xəbərlər
18 Fevral 2024 22:07
223
Karpat dağlarından 16 medalla

Fevralın 12-də Rumıniyanın paytaxtı Buxarestdə start götürən güləş üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, 6 gün davam edən yarışda Azərbaycan yığması 16 medal qazanıb.

Güləşçilərimiz 5 qızıl, 3 gümüş və 8 bürüncə sahib çıxıblar.

Karpat dağlarının ətəyində ən yüksək nəticəyə yunan-Roma güləşçiləri imza atıblar. Aleksandr Tarakanovun başçılıq etdiyi heyət 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Millinin heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq) və Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatında 2 qızıl və 1 bürünc əldə edib. Komandanın heyətində Mariya Stadnik (50 kq) və Alyon Kolesnik (59 kq) birinci, Elis Manolova (65 kq) isə üçüncü pillədə qərarlaşıb.

Sərbəst güləşçilərimiz isə Buxarestdə 7 dəfə fəxri kürsüdə yer alıb. Onlar 1 gümüş və 6 bürüncə sevinib. Güləşçilərimizdən Maqomedxan Maqomedov (97 kq) ikinci, Nürəddin Novruzov (61 kq), İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq) və Georgi Meşvildişvili (120 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığması bir əvvəl Zaqrebdə keçirilən Avropa çempionatında 14 medal (5 qızıl, 6 gümüş, 3 bürünc) qazanmışdı.

İdman.biz

Məqalədə: