Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kq) İdman.biz saytına müsahibəsi
- Rumıniyada ikinci dəfə Avropa çempionluğunu rəsmiləşdirdin. Bu dəfə hansı hissləri yaşadın?
- Artıq Avropa çempionatı geridə qaldı. Şükürlər olsun ki, qızıl medal qazandım. Xüsusi hisslərim yoxdur.
- Yarış bir neçə gündür başa çatıb. Səncə, 21 yaşda ikinci dəfə qitənin ən güclüsü olmaq arxayınlıq, yoxsa əlavə motivasiya yaradacaq?
- Bu, bir tarix idi. Artıq irəli baxmaq, yeni uğurlara imza atmaq uğrunda çalışacağam.
- Hazırda əminliklə Avropada öz çəkinin 1 nömrəsi olduğunu deyə bilərik?
- Heç vaxt hansısa yarışa özümdən razı getmirəm. Çünki bu hiss insanı yalnız geriyə sala bilər.
- Final görüşündən sonra məşqçin Həsən Əliyev sənə sevinc anını fənd atmaqla qeyd etdi. Onu əvvəlcədən planlaşdırmışdız, yoxsa təsadüfən elə alındı?
- Yox, bu barədə əvvəlcədən danışmamışdıq. Bir də gördüm ki, havadayam (gülür). Ardınca məni hamı təbrik etdi. Ailəm, müəllimlərim, dostlarım. Əlbəttə ki, digər insanların təbrikləri də məni sevindirdi. Mən və ya komanda yoldaşlarım medal qazandıqda haqqımızda paylaşımlar edilməsi bizi çox sevindirir. Onların hər birimizi izləməsi çox xoş təəssüratlar yaradır.
- Eldəniz Əzizli, Murad Məmmədov və bir çox komanda yoldaşların səndən Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal gözləyirlər. Bu, psixoloji cəhətdən pis təsir edə bilər?
- Yarışdan öncə heç vaxt danışmıram. Olimpiya Oyunlarından əvvəl əlimdən gələn qədər məşq etməyə çalışacağam ki, mənə olan etimadları doğrulda bilim.
Emin Ağa
İdman.biz