Sənan Süleymanovun Xasay Həsənliyə cavabı - VİDEO

Müsahibə
13 Mart 2024 14:07
176
Sənan Süleymanovun Xasay Həsənliyə cavabı - VİDEO

“Çəkimdə yeni gələnlər yaşda məndən kiçik olsa da, hər birini rəqib görürəm. Belə olmasa uğur əldə etmək çətindir”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

O, yığmada 77 kq-da rəqabətlə bağlı fikirlərini açıqlayıb. Süleymanov onun çəkisində mübarizə aparan komanda yoldaşı Xasay Həsənlinin perspektivli olduğunu etiraf edib: “O, son olaraq U-23-lərin Avropa çempionatında qızıl medal qazanıb. Nəticələri göz qabağındadır. Xasayın saytınıza müsahibə verdikdə, biz Xorvatiyada təlim-məşq toplanışında idik. Bildirdi ki, belə bir sual verdilər, “düz demisən” söylədim. Bir çəkidəyiksə rəqabət qaçılmazdır. Biz onsuz da qarşılaşmalıyıq”.

Paris-2024-ə vəsiqə qazanan güləşçi beynəlxalq arenada əsas rəqiblərinin də adlarını açıqlayıb. Dünya reytinqində 1-ci olan Süleymanovun sözlərinə görə, Nao Kusaka onu daha çox təəccübləndirir: “İkinci və üçüncü yerdə olan erməni və qırğızıstanlı Akzol Mahmudovun da çox yaxşı nəticələri var. Yaponiyalı Kusaka isə məni son dünya çempionatında çox təəccüblədirdi. Yaxşı görüşlər keçirdi. Əslində, bunu ondan gözləmirdim. Nao ilə 3 il bundan əvvəl U-23-lərin yarışında qarşılaşmışdım. 4 dəqiqəyə 10:0 hesabı ilə qalib gəlmişdim. Görünür ki, öz üzərində işləyib. Amma Olimpiadaya gəldikdə, 4 illiyin zirvə yarışında 16 nəfər olacaq. Düşünmürəm ki, ora zəiflər düşə biləcək. Bu səbəbdən də hamısı mənim üçün ciddi rəqibdir”.

Qeyd edək ki, Süleymanovla yanaşı, yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və sərbəst növdə Maqomedxan Maqomedov (97 kq) Paris-2024-də iştirak etmək şansı qazanıb.

Emin Ağa
İdman.biz