“Çempion olmaq üçün gedirəm”

Xəbərlər
7 Sentyabr 2023 18:20
178
“Çempion olmaq üçün gedirəm”

"Ab-hava yüksək səviyyədədir, hər birimiz Belqradda uğurlu çıxış etməyə hazırıq".

Bu sözləri Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Rafiq Hüseynov İdman.biz-ə açıqlamasında deyib. Təcrübəli güləşçi dünya çempionatına hazırlıq barəsində bunları deyib: "Dünya çempionatı üçün ciddi hazırlıqlar gedir, yığma komandamızın təlim-məşq bazasında məşq edirik. Ab-hava yüksək səviyyədədir, artıq təlim-məşq toplanışının sonlarıdır, bu gün son ağır məşqlərimizdən birini başa vurduq. Sabahdan məşqlər nisbətən yüngül məcrada davam edəcək ki, idmançılar optimal formaya düşün. Eyni zamanda çəkilərin bərpa prosesi gedəcək".

R.Hüseynov dünya çempionatındakı gözləntilərindən də danışıb: "Dünya çempionatından gözləntilərim yüksəkdir, bildiyiniz kimi bu il Avropa çempionatında gözəl nəticələr əldə etdik. Mundialda Ülvi Qənizadədən, Həsrət Cəfərovdan qızıl medal, Eldəniz Əzizlidən üçüncü dünya çempionluğunu gözləyirəm. Eyni zamanda digər idmançılarımızdan yüksək nəticələr gözləyirəm, hər birimiz bunun üçün çalışırıq. Əsas hədəf isə olimpiyadaya lisenziyalar qazanmaqdır".

Təcrübəli güləşçi rəqibləri haqda binaları söyləyib: "Rəqibləri müəyyən qədər incələmişəm, həm də onları yaxşı tanıyıram, xüsusi incələməyə ehtiyac duyulmur. Lakin hər birinin gücünə, güləş üslubuna bələdəm. Bundan başqa yarışa çempion olmaq üçün gedirəm, heç bir mübarizə asan olmur, amma məqsəd qalib gəlməkdir. İnanıram ki, ən yaxşı nəticə ilə vətənə geri dönəcəyik".

Qeyd edək ki, güləş üzrə dünya çempionatı ardıcıl 2-ci dəfə 16-24 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Ağa Dadaşzadə

İdman.biz