Aleksandr Tarakanov: “Bütün lisenziyaları götürməliyik” - VİDEO

Müsahibə
21 Mart 2024 15:38
397
Aleksandr Tarakanov: “Bütün lisenziyaları götürməliyik” - VİDEO

“Biz Vladiqafqazdakı təlim-məşq toplanışından gəlmişik. Orada Rusiya, Qırğızıstan, Serbiya, İtaliya yığmaları ilə məşq etmişik. Gürcüstandan da bir neçə güləşçi var idi”.

Bunu İdman.biz TV-yə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

Təcrübəli mütəxəssis milli komandanın Rusiyanın Vladiqafqaz şəhərində keçirilən təlim-məşq toplanışı barədə fikirlərini bildirib: “Çox yaxşı və ağır toplanış oldu. Həm ümumi fiziki hazırlıq, həm xalça üzərində toplanış idi. Ən önəmlisi hazırlığı zədələrsiz başa vurduq. Problemi olan güləşçiləri özümüzlə aparmamışdıq. Onlara müalicələrini başa çatdırmaq, formalarını qaytarmaq imkanı vermişdik. Bizim işimizdə əsas zədələrin olmamasıdır”.

Tarakanov Avropa Olimpiya Təsnifat turnirində mübarizə aparacaq yığmanın qarşıdakı hazırlıq planına da toxunub: “Komandaya bir az istirahət verdik. Cümə axşamı lisenziya tunirinə hazırlıq üçün toplanışa başlayacağıq. İstədiyimiz şəraiti bizim üçün yaradırlar, toplanışlara, yarışlara gedirik. Bu baxımdan federasiya ilə Gənclər və İdman Nazirliyi hər şəraiti yaradır. Bizim bu planda problemimiz yoxdur”.

Baş məşqçi bəzi çəkilərdəki təmsilçimizin kimliyi ilə bağlı suala da aydınlıq gətirib: “60 kq çəkidə Avropa çempionu Nihad Məmmədli mübarizə aparacaq. O, özünü sübut edib. Finalda dünya çempionuna qalib gəlib və yaxşı şəkildə qələbə qazanıb. Bu çəkidə hər şey müəyyənləşib. Məndə 87 kq çəki ilə bağlı sual qalıb. Yaxın günlərdə müəyyənləşdirəcəyik”.

Mütəxəssis yunan-Roma güləşi üzrə millinin Paris-2024 Yay Olimpiya Oyunlarına tam heyətlə gedə biləcəyi qənaətindədir: “Dörd lisenziyamız çatmır. Ümid edirik ki, daha çox qazanacağıq. Yaxşı toplanış keçmişik. Lisenziya sayımızı tamamlayacağımıza ümid edirik. Amma psixoloji amil də var. Toplanışlarda, yarışlarda, Avropa çempionatında güləşçilər özlərini yaxşı tərəfdən göstərdilər. Öncədən demirəm, amma ən yaxşısına ümid edirik. Lisenziya sayının daha çox olması həm bizim, həm güləşçilərin marağındadır. Bütün lisenziyaları götürməliyik. Bakıda və İstanbulda turnirlər olacaq. Hər şeyin normal olacağını düşünürəm. Çalışacağıq, güləşçilər də kökləniblər, hazırdırlar”.

Tarakanov “klassiklər”dən ibarət millimizin təkcə Avropa deyil, dünyada lider rollarda olmasını da qürurla qeyd edib: “Yunan-Roma güləşi üzrə yığma həmişə dominantlıq edir. Dünya və Avropa çempionatlarında çox sayda qalib və mükafatçılarımız var. Əvvəl belə nəticələr olmayıb. Lakin 2004-cü ildə Fərid Mansurov olimpiya çempionu olub. Olimpiya çempionluğu hər şeyi üstələyə bilər. Amma inkişaf və keyfiyyətə görə bizim yığma artıq həm dünya, həm Avropa çempionatlarında dominantlıq edir. Böyük seçim yoxdur ki, daha çox gənclər gəlsin. Bizdə də yaxşı güləşçilər var. Hamını qabaqlamaq üçün həm fiziki, həm texniki baxımdan məşqlər keçirik. Amma daha çox fərdi qaydada həm parter, həm ayaq üstə fəndlər üzərində çalışırıq. Bu fərdi iş nəticəsində bizdə alınır və qalib gəlirik. Məsələn, Rusiyada ölkə çempionatında 350-400 idmançı güləşir. Orda zonalar üzrə seçmə mərhələ başa çatır və final olur. Bizdə elə rəqabət yoxdur. Ölkə balacadır. Amma çalışırıq ki, geri qalmayaq və daha yaxşı mübarizə aparaq. Bu işi xalçada, fiziki və texniki məşqlərdə edirik. Bizi asanlıqla üstələmək olmaz. Dünya çempionatında, Avropa çempionatında qalib olmuşuq, həmişə mükafatlar qazanmışıq”.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-də keçiriləcək.

Emin Ağa
İdman.biz