Lisenziya turnirində Stadnikdən 51 saniyəyə qələbə və yarımfinala vəsiqə - FOTO - YENİLƏNİB

Xəbərlər
6 Aprel 2024 12:38
1 075
Lisenziya turnirində Stadnikdən 51 saniyəyə qələbə və yarımfinala vəsiqə - FOTO - YENİLƏNİB

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 5 üzvü mübarizəyə qoşulub. Onlardan yalnız biri yarımfinala yüksəlib. 2 qat dünya və 11 qat Avropa çempionu Mariya Stadnik asan qələbə ilə həlledici görüşə vəsiqə qazanıb. Digər dörd güləşçimiz isə ilk rəqiblərinə uduzublar. Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kq) 1/4 finalda büdrəyib.

Qadın güləşi

50 kq
Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb. İkiqat dünya, 11 qat Avropa çempionunun rəqibi Qabija Dilyute (Litva) olub. 10:0 hesabı ilə qalib gələn Stadnik 51 saniyəyə qazandığı qələbə ilə yarımfinala adlayıb. O, Paris-2024-ə vəsiqə üçün Oksana Livaçla (Ukrayna) görüşəcək.

53 kq
Elnurə Məmmədova təsnifat mərhələsində xalçaya çıxıb. O, Veronika Ryabovolovaya (Şimali Makedoniya) 0:4 hesablı məğlubiyyətlə Paris-2024-ə vəsiqə şansı ilə vidalaşıb.

57 kq
Jalə Əliyeva mübarizəyə 1/4 finaldan start verib. O, Alina Qruşuna Akobya (Ukrayna) ilə münasibətinə aydınlıq gətirib. 0:10 hesabı ilə uduzan güləşçimiz yarımfinala yüksələ bilməyib.

62 kq
Birgül Soltanova təsnifat mərhələsində Amelin Duarre (Fransa) ilə güləşib. Görüşdə 4:6 hesabı ilə uduzan təmsilçimiz mübarizəni dayandırıb.

68 kq
Elis Manolova da təsnifat mərhələsindən yarışa başlayıb. Avropa çempionumuz Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlib. O, 2:4 hesabı ilə məğlub olaraq lisenziya şansını itirib.

Qeyd edək ki, yarışın ilk günündə yunan-Roma güləşçilərimiz lisenziya qazana bilməyib. Aprelin 7-də başa çatacaq turnirin son günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.

İdman.biz

Məqalədə: