Taleh Məmmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb - VİDEO

Xəbərlər
7 Aprel 2024 10:00
864
Taleh Məmmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb - VİDEO

Azərbaycan millisinin yunan-Roma güləşçisi Taleh Məmmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

"İdman Bizdə"nin qonağı olan 34 yaşlı idmançı tezliklə çıxışını başa vuracağını deyib.

Onun sözlərinə görə, bundan sonra məqsədi yaxşı güləşçilər yetişdirmək olacaq: “Hər zaman Olimpiya çəkisində çıxış etmişəm. Son dönəmlərdə 63 kq-a keçdim. Yaşım gedirdi, idmançı da il ərzində maksimum 2-3 dəfə çəki sala bilər. Amma bu çıxışda özünü göstərir. Hiss edirdim ki, 60 kq-a çəkimi salsam, məğlub olacağam. Bir dəfə bunu etdim, uğursuz alındı və düşündüm ki, gənclərin yolunu kəsməyim. 63 kq-da isə hər şey istədiyim kimi alındı”.

O bildirib ki, hər bir idmançı kimi Olimpiya medalı onun da arzusu olub: “Bütün medallarını qazanmışam. Amma mənə Olimpiya mükafatı nəsib olmadı. Bundan sonra çalışacam ki, Oyunlara kimi komandaya kömək edim. Paris-2024-dən sonra isə karyeramı bitirəcəm. Məşqçilik edib tələbələri yetişdirəcəm ki, onlar mənə Olimpiya medalını hədiyyə etsinlər”.

Qeyd edək ki, Taleh Məmmədov dünya və Avropa çempionatlarının mükafatçısıdır.

Emin Ağa
İdman.biz