Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynovun (82 kq) İdman.bizə müsahibəsi
- Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yunan-Roma və qadın güləşçilərimiz lisenziya qazana bilmədilər. Bunu nə ilə əlaqələndirərdiz?
- Yarışda təşkilatı işlər yüksək səviyyədədir. Ölkəmizə gələn komandalar da hər bir şeydən razıdılar. Milli komandaların iştirakına gəldikdə, yunan-Roma üzrə yığmamız təəssüflər olsun ki, lisenziya ala bilmədilər. Gözləntiləri isə doğrultmadılar. Müəyyən problemlər var idi. Düşünürəm ki, bunu federasiyanın rəhbərliyi və məşqçilər heyəti müzakirə edəcək. Bir idmançı kimi yığmamızın yaxşı şəkildə çıxış etməsini istəyərdim. Nə olur olsun, bu, yığmamızın zəifliyi deyil. Yaddan çıxarmamalıyıq ki, komandamız sonuncu dünya çempionudur. Təbii ki, qadınlardan ibarət yığmamızın da hər kəs kimi mən də lisenziya əldə edəcəklərinə ümid edirəm. Amma çox təəssüf ki, düşündüyümüz kimi olmadı.
- Mariya Stadnik (50 kq) turnirin yarımfinal mərhələsində son saniyələrdə məğlub oldu. Onun qalib gələ bilməməsini siz də sensasiya kimi qiymətləndirirsiz?
- Mən də hamı kimi artıq onun qələbə qazanacağını düşünürdüm. Lakin bu, idmandır. Bu sahənin də gözəlliyi ondadır ki, son saniyəyə kimi mübarizə aparmaq lazımdır. Fikirləşirəm ki, Mariya çox güclü idmançıdır. Dünya Olimpiya Təsnifat Turnirdə öz lisenziyasını alacaq.
- Mayın 9-12-də İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirindən gözləntiniz nədir?
- Təbii ki, o yarış burdan çox fərqli olacaq. İstanbulda tək finala çıxan idmançılar deyil, ikinci və üçüncü yer arasında da lisenziya üçün görüşlər təşkil olunacaq. Ümumilikdə hər çəkidə 3 vəsiqə veriləcək. Fikirləşirəm ki, sonuncu turnir olduğu üçün həyəcan hissi lisenziya qazanmaq üçün çətinlik yaradacaq. Şansımız var. İnanırıq ki, yaxşı olar.
- Sərbəst güləşçilərimiz hamısı yarımfinala vəsiqə qazanıb. Kimlərdən lisenziya gözləyirsiniz?
- Komanda yoldaşı və bir azarkeş kimi hamısına inanıram. Amma yarımfinal heç də asan olmayacaq. Əliabbas Rzazadə (50 kq) Vladimir Yeqorovla (Şimali Makedoniya) ilə qüvvəsini sınayacaq. Yəqin ki, Avropa çempionatının finalında onların qarşılaşmasını hamı xatırlayır. Buna görə onun üçün çətin olacaq. Həmçinin Hacı Əliyev (65 kq) sonuncu Avropa çempionu İslam Dudayevlə (Albaniya), Turan Bayramov isə Frank Çamizo Markezlə güləşəcək. Bu rəqiblərin nə dərəcədə güclü olduğunu bilirik. Ona görə də heç nə asan olmayacaq. Bura kimi gəlib uğurlu çıxış ediblərsə, inanıram ki, Xetaq Qazyumovun əziyyətini yerə vurmayacaqlar.
Banuçiçək Hüseynli
İdman.biz
