Rafiq Hüseynov: “Bundan artıq nəsə etmək mümkündür, ya yox, bunu bilmirəm” – MÜSAHİBƏ - VİDEO

Müsahibə
3 May 2024 11:26
487
Rafiq Hüseynov: “Bundan artıq nəsə etmək mümkündür, ya yox, bunu bilmirəm” – MÜSAHİBƏ - VİDEO

Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynovun (87 kq) İdman.biz saytına müsahibəsi

- Dünya Olimpiya Təsnifat Turnirində heyətə sparinqlə düşmüsüz. Görüş istədiyiniz kimi alındı?

- Bəli, İslam Abbasova qarşı görüş çox ağır oldu. Yoxlama görüşü olsa da, bir neçə faktor var idi ki, çətinliyi mənə hiss etdirirdi. Son dəfə belə mübarizəyə 2013-cü ildə çıxmışdım. Həmin vaxtdan da çəkimdə lider olmuşam. Bu dəfə Olimpiya çəkisinə keçdiyim üçün İslam Abbasovla qarşılaşdım. Güclü rəqib olduğundan heç də asan olmadı və şans mənim üzümə güldü.

- Görüşə də ayağın sarğılı çıxmışdın. Bu sənə mane olmurdu?

- Yox. Çünki artıq neçə illərdir ki, görüşlərə ayağı sarğılı çıxıram. Artıq vərdiş etdiyim bir şeydir. Sağ ayağım zədəli idi.

- Digər zədələrini tam sağaltmısan?

- Bərpa prosesi keçirəm.

- İstanbulda kimləri əsas rəqib görürsən?

- Avropadan olan idmançıları maneə kimi görürəm. Bunlar Belarus, İsveç, Danimarka, Ermənistan və Gürcüstan güləşçiləridir. Lakin əlimdən gələni edəcəyəm ki, lisenziyanı alım.

- Hazırlığını necə dəyərləndirirsən?

- Çox yaxşı məşq etmişik. Var gücümüzlə çalışmışıq. Bundan artıq nəsə etmək mümkündür, ya yox, bunu bilmirəm. Həm Qubada, həm də Bakıda yaxşı təlim-məşq toplanışları keçmişik.

- Onda Rafiq Hüseynov karyerasını major notlarda başa vurmaq arzusundadır, deyə bilərik?

- Əlbəttə. Amma hazırda hədəf lisenziya alıb, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanmaqdır. Hələlik başqa bir şey barədə düşünmürəm.

Emin Ağa
İdman.biz