"Bu, qarşıma qoyduğum hədəf idi".
Bunu İdman.bizə azərbaycanlı güləş hakimi Asif Şirəliyev deyib.
I-S kateqoriyalı referi Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat almasına münasibət bildirib. Şirəliyevin sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra növbəti hədəfinin məhz bu yarış olduğunu deyib: "Yaponiyada Dünya Güləş Birliyinin etimadını doğrultmuşdum. Yüksək qiymətlər almışdım. Bu, illərin zəhmətidir və belə olduqda özümə güvən daha da artdı. Artıq Olimpiada təcrübəm var. Biliklərimi daha da genişləndirmək üçün öz üzərimdə məsuliyyəti dərk edib, peşəkarlığımı yüksəkliklərə qaldırmaq üçün çox çalışdım. Sevinirəm ki, təyinatı ikinci dəfə aldım. Seçilənlər arasında adımın olması məni olduqca sevindirir. Bu təyinatı alacağıma inanırdım. Paris-2024 Yay Olimpiya Oyunları üçün hansı tələblər qoyulmuşdusa, hər birini yerinə yetirmişdim. Hansı ki, Olimpiadaya yollanmaq üçün sınaq yarışlarında heç bir səhv buraxmadan peşəkarcasına işləmişdim. Praktiki olaraq artıq hiss edirdim ki, durum nə yerədir. Yarışlardan 1-2 saat öncə seminarlar keçirdik. Hansı hakimlər səhv buraxırdısa, onlara bunu deyirdilər və ya kobud səhvə görə cəzalandırırdılar".
O bildirib ki, mayın 9-12-də İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində hakimlik etdiyi zaman da ona heç bir irad tutulmayıb: "Olimpiya Təsnifat Turnirində həlledici görüşləri mənə tapşırırdılar. Bütün bunlardan hiss edirdim ki, Olimpiadaya yaxınam. Bu təyinatımla bir daha güləşdə olduğu kimi hakimlik məktəbinin də nə qədər yüksək zirvədə olduğunu göstərdik. Bunu hər zaman qorumağa çalışacam. Özümdən sonra gələn gənc nəsillərə ötürərək yetişmələrinə dəstək olacam. Bu təyinatın digər hakimlərimizə də təsir edəcəyini düşünürəm. Parisdəki Olimpiadada artıq tək özümü deyil, ölkəmizin adını təmsil edirəm. Buna görə də öz işimi yüksək səviyyədə görməli, ədalətli qərarlar verməliyəm".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.
Banuçiçək Hüseynli
İdman.biz