“Avropa çempionatı çox çətin keçdi”.
Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Ayxan Cavadov (60 kq) deyib.
Serbiyada təşkil olunan U-17 Avropa çempionatında qızıl medal qazanan güləşçi uğur qazanmasında əməyi olan bütün məşqçilərinə təşəkkür edib: “Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Rəqiblərimiz güclü idmançılar idi. Rusiyalı idmançı ilə keçirdiyim görüş ən ağırlarından biri oldu. Finalda 1:4 hesabı ilə geri düşsəm də, fasilə zamanı məşqçilərimin mənə verdiyi tapşırıqlar öz nəticəsini verdi. Onların dəstəyi və inam hissi məni çempion etdi. Qazandığım nəticə məni çox sevindirir. İnanıram ki, qarşıdan gələn dünya çempionatında da qızıl medal qazanacam”.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 3 qızıl, 2 gümüş, 4 bürünc olmaqla 9 medal qazanıb. 183 xal toplyan komandamız 3-cü dəfə Avropa çempionu olub.
Banuçiçək Hüseynli
İdman.biz