Güləşçimiz Dünya Seriyasında gümüş qazanıb

Xəbərlər
2 İyul 2024 21:14
97
Güləşçimiz Dünya Seriyasında gümüş qazanıb

Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutub.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları yarışı bir medalla başa vurublar.

San Loren Dü-Var şəhərinin çimərliyində keçirilən yarışda ölkəmizi Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib. İlk dəfə çimərlik yarışında iştirak edən Babazadənin debütü uğurlu alınmayıb. Rəşid B qrupunda amerikalı Castin Benjaminə (3:0) qalib gəlsə də, ukraynalı İvan Semyonovla (1:4) fransalı Kuentin Stikerə (2:3) məğlub olub. Qrupda 3-cü yeri tutan təmsilçimiz mübarizəni erkən başa vurub.

Ramiz Həsənov (80 kq) isə A qrupunda yunanıstanlı Xristos Xristoforidisi sonuncu xal prinsipinə əsasən üstələsə də (1:1), fransalı Huqo Kuenoya isə uduzub – 0:3. Həsənov da yarışı qrup üçüncüsü kimi başa vurub.

İbrahim Yusubov (90 kq) isə ilk mərhələdə rəqiblərinə heç bir şans tanımayıb. Dünya çempionumuz A qrupunda həm fransalı Matis Mayrandı, həm yunanıstanlı Georgios Tsaknakisi, həm də moldovalı Trayan Kapatinanı 3:0 hesabı ilə məğlub edib. Yusubov yarımfinalda ukraynalı Demid Karaçenkonu da eyni hesabla üstələyib. Finalda yenidən Kapatinayla qarşılaşan İbrahim bu dəfə 1:4 hesabıyla məğlub olaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Dünya Seriyasının növbəti mərhələsi iyulun 20-21-də Rumıniyada keçiriləcək.

İdman.biz