Azərbaycanlı ikiqat dünya çempionu: “Onlardan nümunə götürməyə çalışıram”

Xəbərlər
22 Avqust 2024 13:17
2 423
Azərbaycanlı ikiqat dünya çempionu: “Onlardan nümunə götürməyə çalışıram”

“Dünya çempionatında ən çətin görüşüm finalda oldu. İlk yarıda 1:3 hesabı ilə uduzsam da, toparlana bildim. Hesabı 3:3-ə çatdıraraq qalib gəldim”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov deyib.

İordaniyada keçirilən 17 yaşadək pəhləvanlar arasında dünya çempionatında qızıl medal qazanan idmançımız ikinci dəfə planetin ən güclüsü adına sahib çıxıb. 51 kq çəkidə çıxış edən Turan Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətinə açıqlama verib: “Mən bura 17 yaşadək güləşçilər arasında dünya və ikiqat Avropa çempionu kimi gəlmişdim. Hiss edirdim ki, rəqiblər mənimlə qarşılaşmalara hazırlaşırlar. Amma taktikamı dəyişmədim, plana sadiq qaldım. Artıq həm dünya, həm Avropada titullarım var. İndi eyni uğurlara U-20 səviyyəsində nail olmağı planlaşdırıram. Bizdə - Azərbaycanda çox sayda yaxşı güləşçilər var: Eldəniz Əzizli, Sənan Süleymanov, Həsrət Cəfərov. Onlardan nümunə götürməyə çalışıram”.

Qeyd edək ki, ardıcıl qələbə seriyasını 20-yə çatdıran güləşçimiz gələn ildən U-20 səviyyəli turnirlərdə iştirak edəcək.

İdman.biz