Millimizin baş məşqçisi: “Bu, qızıl ola bilərdi”

Xəbərlər
23 Sentyabr 2024 15:35
220
Millimizin baş məşqçisi: “Bu, qızıl ola bilərdi”

“Bu mərhələdə iki idmançı ilə təmsil olunduq”.

Bunu İdman.bizə çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.

O, Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində iştirak edən komandasının çıxışını dəyərləndirib. Nəzərianinin sözlərinə görə, Ramiz Həsənovla (80 kq) və İbrahim Yusubov (90 kq) daha yüksək əyarlı medal qazana bilərdi: “Ramiz 3-cü yeri tutsa da, bu, qızıl ola bilərdi. O yarımfinalda gərgin görüşdə uduzaraq bu nəticəni əldə etdi. Lakin İbrahim çempion olaraq qızılı təmin etdi. O dünya çempionumuzdur və olduqca təcrübəli güləşçidir. Bu il iştirak etdiyi iki yarışda gümüş medal qazanmışdı. Burada isə yarımfinalda moldovalı idmançıdan revanş alaraq finalda türkiyəli güləşçini də məğlub etdi”.

Xorvatiyanın Poreç şəhərində keçiriləcək Dünya Seriyasının sonuncu - final mərhələsindən danışan çalışdırıcı bildirib ki, bu mərhələ digərlərindən fərqli dünya çempionatı kimi xal sistemi ilə keçirilir: “Finalda digər 4 mərhələdən daha çox xal verilir. Ona görə də bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Burda qazanılan xal reytinq sıralamasını dəyişə bilər. Hər seriya çempiona 10 min xal verirsə, final mərhələsi 40 min xaldır. Bu səbəbdən vaxtımız azdır. Qısa müddət istirahət edəcəyik. Az keçmədən də ciddi şəkildə məşqlərimizə başlayacağıq. Ümid edirəm ki, burada da yaxşı çıxış edərək dövlət bayrağımızı qaldıracağıq”.

Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi oktyabrın 12-13-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz