Arif Abdullayev: “Onları nəzarətdə saxlayacağıq” - MÜSAHİBƏ

Müsahibə
11 Oktyabr 2024 15:48
280
Arif Abdullayev: “Onları nəzarətdə saxlayacağıq” - MÜSAHİBƏ

Sərbəst güləş üzrə U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, mövsümü dəyərləndirib, gələcək planları açıqlayıb.

- U-20 yaş qrupunda mövsüm başa çatdı. Komandanızın 2024-cü ildə çıxışını necə qiymətləndirirsiniz?

- Ümumi götürəndə qənaətbəxş sayırıq. Üçüncü dəfə komanda hesabında Avropa çempionu olduq. 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazandıq. Dünya çempionatında daha yaxşı çıxış edə bilərdik. Bəzi güləşçilərimiz potensialına uyğun güləşmədi. Yekunda 1 gümüş və 2 bürünc medal qazandıq. Komanda hesabında isə 5-ci yeri tutduq.

- Dünya çempionatında heyətdə bəzi dəyişikliklər diqqəti çəkdi.

- Gənclər arasında Avropa ikincisi, yeniyetmələr arasında dünya və Avropa çempionu Vasif Bağırov (57 kq) dünya çempionatına az qalmış ayağından zədələndi. Həkimlərlə məsləhətləşdik. Daha böyük zədə almasın deyə riskə getmədik. Ona görə də dünya çempionatına Vasifi aparmadıq.

- Biz adətən yüngül çəkilərdə favoritlərdən biri oluruq. Ancaq bu dəfə ağır çəkilərdə medal qazandıq. Bunun xüsusi səbəbi var idi?

- Vasifin zədə üzündən dünya çempionatında iştirak etmədiyini qeyd etdim. Camal Abbasov (61 kq) isə U-20 yaş qrupuna bu il keçib. Hələ ki, fiziki durumu bu yaş qrupuna tam uyğunlaşmayıb. Düzdür, Avropa çempionatında gümüş medal qazandı. Ancaq dünya çempionatı üçün hələ tam hazır deyildi. O, hələ daha 2 il gənclərdə çıxış edə bilər. Çalışacağıq ki, onun fiziki göstəricilərini və dözümlülüyünü artıraq. Medal qazanmasa da, Ayxan Abdullazadənin (65 kq) çıxışını qeyd edə bilərəm. İranlı rəqibiylə görüşdə hesabda 6:0 üstün idi. Ancaq sonra qələbəni əldən verdi. Mən deyərdim ki, qələbə üçün özünəinam çatmadı. Hesabı qorumağa çalışdı, amma alınmadı. Bu da yarış təcrübəsinin azlığından irəli gəlir.

- Ağanəzər Novruzov (74 kq) uzun fasilədən sonra böyük yarış arenasına çıxdı və həm göstərdiyi güləşlə, həm də qazandığı nəticəylə ümidləri doğrultdu. Ondan belə çıxış gözləyirdiniz?

- Gözləyirdik. Ağanəzər yeniyetmələr arasında Avropa və dünya üçüncüsü olub. Daha sonra hərbi xidmətə getdi. Bu il onu 3 yarışda sınadıq. Rusiyada keçirilən 2 ənənəvi yarışda özünü yaxşı tərəfdən göstərdi. Fiziki göstəriciləri və dözümlülüyü göz qabağındadır. Dünya çempionatının yarımfinalında amerikalı güləşçiylə minimal fərqlə uduzdu. Bürünc medal uğurunda görüşdə isə Rusiya güləşçisinə qalib gəldi.

- Böyüklər kateqoriyasına keçən güləşçilərdən qısa müddətdə nəticə gözləmək olar, yoxsa bunun üçün bir qədər zamana ehtiyac var?

- Ayxan Abdullazadə, Sadiq Mustafazadə və Ramik Heybətov kimi güləşçilər U-23 yaş qrupunda nəticə verə bilər. Ancaq böyüklərdə idmançı sayı çox olduğu üçün güclü rəqabət və hər çəkinin liderləri var. Bu baxımdan Dünya Güləş Birliyinin (UWW) U-23 yaş qrupunu yaratması çox yaxşı oldu. Belədə gənclərdən yuxarı qalxan güləşçilər itmir və böyüklər kateqoriyasına uyğunlaşana kimi U-23 yaş qrupunda çıxış edir və “artırır”.

- 2007 təvəllüdlü güləşçilər gələn ildən sizin rəhbərliyiniz altında çıxış edəcək. Bu idmançılardan xüsusi fərqləndirdiyiniz kimsə varmı?

- Yayda U-17 millimizlə birgə Xaçmazda təlim-məşq toplanışı keçdik. Biz fiziki, onlar isə taktiki-texniki hazırlıq üzrə toplanış keçirdi. İstedadlı güləşçiləri qeydə almışıq. Gələn il əsas seçim U-20 Azərbaycan çempionatında olacaq. Bu il yeniyetmələrdə Avropa və dünya çempionatında medal qazanmış 2007 təvəllüdlü güləşçilər hətta Azərbaycan çempionatında yer tutmasa belə, onları nəzarətdə saxlayacaq və təlim-məşq proseslərinə cəlb edəcəyik.

- Dünyada sərbəst güləşdə rəqabət ildən-ilə artır. Bu rəqabətlə ayaqlaşmaq üçün hansı addımlar atılmalıdır?

- Əvvəllər “AGF Kuboku” və “Hünər meydanı” kimi, seçim xarakterli yarışlar keçirilirdi. Bu da heyəti müəyyənləşdirərkən işimizi daha da asanlaşdırırdı. Güləşçilərimiz yarışlarda nə qədər çox iştirak edib, təcrübə toplasalar, bir o qədər uğur qazanmaq şansları artar.

İdman.biz