“Dünya çempionatında olduqca güclü mübarizə getdi”.
Bunu İdman.bizə Azərbaycan millisinin veteran sərbəst güləşçisi Cəlal Süleymanov (62 kq) deyib.
O, Xorvatiyanın Poreç şəhərində keçirilən dünya çempionatını şərh edib. Veteran güləşçilər arasında mundialı bürünc medalla başa vuran Süleymanov bildirib ki, yarışda dünya və Olimpiya mükafatçıları da mübarizə aparıblar: “Mən də yarışa son mundialın qalibi kimi yollanmışdım. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Birinci olmaq üçün getmişdim. Lakin ABŞ idmançısına məğlub oldum. Təəssüf ki, bu dəfə alınmadı və 3-cü yerlə kifayətləndim. Bu da mənim üçün pis nəticə olmadı. Əlimdən gələni etdim. Rəqibim də olduqca hazırlıqlı idmançı idi”.
O vurğulayıb ki, “ABŞ Təhlükəsizlik İşçilərinin Oyunları”na da qatılacaq: “Bu yarışa da ciddi şəkildə hazırlaşıram. Gələn il isə yenidən dünya çempionatında iştirak edəcəm və qızıl medal üçün mübarizə aparacam”.
Qeyd edək ki, dünya çempionatında 4 güləşçimiz fəxri kürsüyə qalxıb.
Banuçiçək Hüseynli
İdman.biz