Eldəniz Əzizli: “Dördüncü dəfə dünya çempionu olsam...”

Xəbərlər
27 Oktyabr 2024 12:20
79
Eldəniz Əzizli: “Dördüncü dəfə dünya çempionu olsam...”

“Yarışa yüksək səviyyədə hazırlaşmışam”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada güləş üzrə qeyri-olimpiya çəkilərində keçiriləcək dünya çempionatı öncəsi fikirlərini açıqlayıb. Əzizli bildirib ki, bu mundialda da əsas məqsədi qızıl medaldır: “Ümid edirəm ki, çempion olaram. Əgər dördüncü dəfə dünya çempionu olsam bu, tarixi bir rekorddur. Çünki bu günə kimi heç bir güləşçimiz dörd dəfə bu uğura imza atmayıb”.

O, növbəti uğur üçün yarışa hazır olduğunu da deyib: “Sadəcə son həftə təlim-məşqdə zədələndim. Kürək əzələmdə yırtıq əmələ gəlib. Buna görə bir az əziyyət çəkirəm. Zədəm mənə maneçilik törədir. Buna baxmayaraq hər şeyin yaxşı keçəcəyini düşünürəm. Yarış günü yaxşı olacağına inanıram. Rəqiblərim güclüdür. Hamısını tanıyıram, potensiallarına bələdəm. Dünya çempionatı olduğu üçün hər bir ölkənin ən yaxşıları burada mübarizə aparacaq”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 28-31-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz