“Bundan əvvəl də finalda qarşılaşdığımız iranlı idmançı ilə güləşmişdik və bir-birimizi yaxşı tanıyırdıq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli Ümumdünya Güləş Birliyinin saytına müsahibəsində deyib.
Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında 4-cü dəfə qızıl medalını qazanan pəhləvan qələbəsini şərh edib: “Poya Marza ilə bir-birimizi yaxşı tanıdığımız üçün çətin görüş keçdi. Bundan əvvəl onu 4 dəfə məğlub etdiyim üçün bu dəfə bir qədər ağır qələbə qazandım. Gələcəyin necə olacağını bilmirəm, amma dünya çempionatının 5-ci qızıl medalını da qazanmaq istəyərdim. Gələn il Avropa çempionatında iştirak etməyəcəm. Amma çalışacam ki, 5-ci dəfə dünya çempionu olaraq karyeramı bitirəm”.
Qeyd edək ki, Eldəniz Əzizli finalda iranlı Poya Marzaya xalların keyfiyyətinə görə (1:1) qalib gələrək 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb. Onunla bərabər Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) çempionluq sevinci yaşayıb.
İdman.biz