“Bu, Azərbaycanın idman tarixində, xüsusilə də güləşimizdə möhtəşəm bir uğurdur”.
Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.
O, Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yığmamızın komanda hesabında birinci olmasına münasibət bildirib. Cəfərovun sözlərinə görə, güləşçilərimiz əvəzsiz tarixi qələbə qazanıblar: “4 idmançı ilə bir yarışda iştirak edib, onlardan 3-nün dünya çempionu kimi Vətənə qayıtması çox nadir və yüksək nəticədir. Bunu hər zaman əldə etmək olmur. Bunu Azərbaycan güləşçiləri əldə etdilər. Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu. Bu çox böyük tarixi uğurdur. Ümumilikdə, fərdi idman növlərində belə nəticə əldə etmək çətin və ağırdır. Eldəniz bunun öhdəsindən gəldi. Yarışa gedərkən zədələri olsa da, təcrübəsi hesabına güləşin ali fəndləri sayəsində finalda qalib gəldi və güləş tariximizdə bir ilkə imza atdı. Ülvü Qənizadəni (72 kq), Nihat Məmmədlini (63 kq) təbrik edirəm”.
Təcrübəli məşqçi yığma komandanın məşqçilər korpusunun, xüsusilə də baş məşqçi Aleksandr Tarakanovun böyük işlər gördüyünü deyib: “İdmançılarımızın böyük qələbələri yeniyetmələrimizə, gənclərimizə, digər komanda üzvlərimizə böyük dəstək və stimul olacaq. İnanıram ki, növbəti yarışlarda da bu nəticələri təkrarlamağa çalışacaqlar. Çox istərdim ki, sərbəst və qadın güləşçilərimiz də belə qələbələrə imza atsınlar”.
Qeyd edək ki, 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.
Banuçiçək Hüseynli
İdman.biz