“Eldənizdən bu nəticəni gözləyirdim”.
Bunu idman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyev deyib.
O, Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə keçirilən dünya çempionatında yığmamızın komanda hesabında birinci olmasına münasibət bildirib. Əliyevin sözlərinə görə, Eldəniz Əzizlinin (55 kq) çempionluğunda məşqə yanaşması və hazırlıq səviyyəsi mühüm rol oynayıb: “Ən çox ona inanırdım. Nihat Məmmədlinin (63 kq) səhvləri çox oldu. Amma çıxışı zamanı özünü məşqdəkindən daha yaxşı göstərdi. Qələbəsi ilə də özünü təsdiqlədi. Ülvü Qənizadə (72 kq) isə neçə illərdir güləşir. Ondan da bu nəticə gözləniləndir. Lakin Ülvü çox vaxt yarışa yaxın xəstələnir. Yəqin bu dəfə daha çox istəkli idi ki, dünya çempionu oldu”.
Gənc mütəxəssis bildirib ki, 4 çəkidən 3-də qızıl medal alan hələ olmayıb: “Bu, böyük bir nəticədir”.
Qeyd edək ki, 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.
Banuçiçək Hüseynli
İdman.biz