“Turnir çox yaxşı keçdi. Üç görüş keçirdim və hər birində inamlı qələbə qazandım”.
Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) deyib.
O, Çinin Sian şəhərində beynəlxalq turnirdə bütün rəqiblərini məğlub edərək kəmər qazanmasına münasibət bildirib: “Birinci görüşdə koreyalı, ardınca monqolustanlı rəqibimə qalib gəldim. Finalda isə qazaxıstanlı idmançının üzərində tam qələbə qazanaraq kəmərə sahib oldum. Çox xoşbəxtəm ki, bu nəticəni əldə etdim. Növbəti yarışlarda da bu uğuru qazanacağıma inanıram”.
Gələcək planlarından da danışan pəhləvan bildirib ki, dekabrda keçiriləcək Azərbaycan çempionatında da hədəfi yalnız birincilikdir: “Çempionata hazırlıqlara start verilib. Həmçinin Çində təlim-məşq toplanışı keçirik. Düşünürəm ki, bu toplanış çox faydalı olacaq”.
Qeyd edək ki, “Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib.
Banuçiçək Hüseynli
İdman.biz