Dünya Güləş Birliyi yeni komitə yaradıb – prezidenti azərbaycanlı olacaq

Xəbərlər
21 Noyabr 2024 17:14
109
Dünya Güləş Birliyi yeni komitə yaradıb – prezidenti azərbaycanlı olacaq

Dünya Güləş Birliyi (UWW) tərəfindən qrapplinq, pankration və həvəskar MMA üzrə vahid Komitə yaradılıb.

İdman.biz xəbər verir ki, çox sayda idmançının bir neçə idman növü ilə məşğul olması səbəbindən bu idman növlərinin vahid Komitə tərəfindən idarə edilməsi qərara alınıb.

Birlik bu idman növlərini vahid komitədə birləşdirməklə bu sahəyə daha çox və peşəkar səviyyədə diqqət ayrılmasını hədəfləyir. Bununla bağlı milli federasiyalara müvafiq qaydada müraciət edilərək qrapplinq, pankration və həvəskar MMA idman növlərinə dəstək verməyə çağırılıb.

İcraiyyə Komitəsi tərəfindən UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev yeni Komitənin prezidenti, Adrian Bakos isə vitse-prezidenti seçiliblər.

UWW-nin seçim qaydalarına uyğun olaraq milli federasiyalar tərəfindən əlavə 3 üzvün də seçilməsindən sonra Komitə tam formalaşdırılacaq. Yeni Komitəyə idmançı, məşqçilər və texniki komissiyalar kimi əlavə komissiyalar dəstək verəcək.

Pankration – həvəskar MMA bölməsinə UWW təmsilçiləri Onur Şimşək, Qrapplinq bölməsinə isə Antonina Bosser nəzarət edəcəklər.

Qeyd edək ki, pankration əlbəyaxa döyüş idman növlərindən biri kimi, Yunanıstanda yaradılıb və qədim dövrdə klassik Olimpiya Oyunlarının tərkibində yer alıb.

Qrapplinq və MMA isə müasir idman növləridir. Güləş idman növlərindən biri olan qraplinqin özəlliyi boğucu fəndlərdən ibarətdir. Qarışıq idman növü olan MMA-da isə həm döyüş, həm də güləş fəndlərindən istifadə edilir. UWW həvəskar MMA üzrə yarışları peşəkar MMA-dan fərqli olaraq, qəfəsdə deyil, güləş xalçası üzərində keçirir.

İdman.biz

Məqalədə: