Güləş məşqçilərinin Tərtər seminarı - FOTO

Xəbərlər
28 Noyabr 2024 20:54
53
Güləş məşqçilərinin Tərtər seminarı - FOTO

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.

İdman.biz xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Tərtər şəhərində keçirilib.

Tədbirdə Tərtər, Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı və Xocavənd rayonunu əhatə edən region məşqçiləri iştirak edib. Seminarın nəzəri hissəsi Gənclər Mərkəzində keçirilib. Qarabağ Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Şəhram Quliyev bu seminarın təşkilinə görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirib. Tədbirdə bu regionda güləşlə bağlı mövcud problemlər və çatışmazlıqlar dilə gətirilib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev yarış qaydalarından danışıb və gələcəkdə bu regionda güləşi daha da canlandırmaq üçün yerli yarışların keçirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov həmkarlarıyla təcrübələrini bölüşüb. I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə müxtəlif görüşlərdə həyata keçirilən fəndlərin xalla qiymətləndirilməsini izah edib.

Tədbirin praktiki hissəsi Tərtər Olimpiya İdman Kompleksində baş tutub. Nazim Əlicanovun rəhbərliyi altında keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına da yer ayrılıb.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi dekabrın 3-də Lənkəran şəhərində keçiriləcək.

İdman.biz