5 ildən sonra xalçaya qayıdacaq güləşçi: “Milliyə düşmək istəyirəm”

Xəbərlər
4 Dekabr 2024 16:04
399
5 ildən sonra xalçaya qayıdacaq güləşçi: “Milliyə düşmək istəyirəm”

“Səhhətimdəki problemlərə görə idmandan tez getmişdim. Amma hazırda bu problemlər həll olunub”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq sərbəst güləşçisi Murad Süleymanov (86 kq) deyib.

2019-cu ildə bu idman növündən gedən 27 yaşlı pəhləvan yenidən karyerasını bərpa edib. O, dekabrın 24-də start götürəcək Azərbaycan çempionatında xalçaya çıxacaq.

Süleymanov bildirib ki, güləşi çox sevdiyi üçün karyerasını bərpa etməyə qərar verib: “Dostlarım, tanışlarım da yenidən qayıtmağımı istəyirdilər. Bundan sonra yavaş-yavaş məşq etdiyim zala qayıtdım və gördüm ki, güləşmək yenidən alınacaq. Bir ildir ki, məşq edirəm”.

2017-ci ildə Serbiyada keçirilən Avropa çempionatında gümüş medal qazanan Süleymanov yenidən böyük arenalarda Azərbaycan bayrağını dalğalandırmaq arzusundadır: “Avropa və dünya çempionatlarında güləşmək istəyirəm. Hazırlıqlarım çox yaxşı gedir. Gəncədə sparinq rəqib tapmaqda bir qədər problem var. Bu da çəkimlə bağlıdır. Amma bu mənə mane olmayacaq. Milli komandanın heyətinə düşmək istəyirəm. Azərbaycan çempionatında hədəfim qızıl medaldır. Çəkimdə olan güləşçilərin çoxunu tanımadığım üçün deyə bilərəm ki, hər kəs mənə rəqib olacaq”.

Qeyd edək ki, Azərbaycan çempionatında sərbəst növ üzrə yarışlar dekabrın 26-27 keçiriləcək.

Emin Ağa
İdman.biz