Güləş məşqçilərinin Ümumrespublika seminarına yekun vurulub.
İdman.biz xəbər verir ki, seminarın sonuncu mərhələsi Bakıda keçirilib.
Sabunçu Gənclər Evində təşkil edilən tədbirdə paytaxtda fəaliyyət göstərən güləş məşqçiləri iştirak edib.
Seminarın nəzəri hissəsinin açılışını edən Bakı Gənclər və İdman İdarəsinin sektor müdiri Samir Salehov Azərbaycan Güləş Federasiyası (AGF) və Gənclər və İdman Nazirliyinin (GİN) ortaq təşkilatçılığıyla bu seminarın ardıcıl 2-ci il keçirildiyini və məşqçi-müəllimlərin inkişafı üçün böyük önəm kəsb etdiyini bildirib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev bəzi güləş qaydalarını xatırladıb. Sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov klub və cəmiyyətlərdə çalışan mütəxəssislərin bir qisminin idmançılara güləş fəndlərini düzgün çatdırmadığını qeyd edib və bu məsələdə maksimum diqqətli və məlumatlı olmağın vacibliyini qeyd edib. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov isə aktual problemlərdən biri olan yeniyetmə güləşçilərin normadan artıq çəki salmasının fəsadlarına toxunub.
Seminarın praktiki hissəsi AGF-nin təlim-məşq bazasında baş tutub. Milli komandaların məşqçiləri sərbəst və yunan-Roma güləşi üzrə keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına yer ayırıb.
Qeyd edək ki, bu il 13 mərhələdən ibarət olan Ümumrespublika seminarı Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.
İdman.biz