Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviçlə görüşüb.
İdman.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
AGF rəhbəri bildirib ki, UWW prezidenti ilə görüş məmnun olub: “Azərbaycanda güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı əməkdaşlığın inkişafını müzakirə etdik. Dünya Güləş Birliyinin qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitəsinin rəhbərliyində Azərbaycan Güləş Federasiyasının təmsil olunmasının ölkəmizin güləş idmanına göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladıq”.
Qeyd edək ki, Dünya Güləş Birliyi (UWW) tərəfindən yeni yaradılan qrapplinq, pankration və həvəskar MMA üzrə vahid Komitəyə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev prezidenti seçilib.
İdman.biz