“Bu güləşçilər yığmanın tərkibində məşq edən idmançılardır və hamısını yaxından tanıyıram. Güclü idmançılarımızın bəziləri zədə səbəbindən, bəziləri yarışdan təzə gəldikləri üçün çempionatda iştirak edə bilmədilər”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) deyib.
O, davam edən güləş üzrə Azərbaycan çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Dünya və Avropa çempionunun sözlərinə görə, yunan-Roma güləşi üzrə yarışda fərqlənənlər gələcəkdə özlərini yaxşı tərəfdən göstərəcəklər: “Gənc və yeniyetmə güləşçilərimiz bu çempionatda öz sözlərini dedilər. Onlar sübut etdilər ki, Azərbaycan çempionatında çıxış edib medal qazana bilərlər. Bu uğurların davamına inanıram. Bu gün qaliblər sırasında gördüyümüz güləşçilər gələcəkdə titullu idmançıların yerini tutacaq və onların kölgəsində qalmayacaqlar”.
Hüseynov bildirib ki, 2024-cü ili Azərbaycan güləşi üçün uğurlu hesab etmək olar: “Biz öz sözümüzü güləş aləmində demiş ölkələrdən biriyik. Olimpiya oyunlarının nəticələrinə baxıb Azərbaycan güləşinin bu gününü dəyərləndirmək doğru olmaz. Bu il Avropa çempionatında həm sərbəst, həm də Yunan-Roma komandalarımız uğurlu çıxış etdi. Eyni zamanda, yunan-Roma yığması tarixində ikinci dəfə dünya çempionu adına layiq görüldü. Bu, kifayət qədər uğurlu nəticədir. Əlbəttə, biz idmançılar bilirik ki, azarkeşlər daim yüksək nəticə gözləyir. Ancaq bəzən gözləntilər özünü doğrultmaya bilər. Olimpiya oyunlarında medal qazanmaq, komanda halında dünya çempionu olmaq, Avropa çempionatında medalçılar sırasına düşmək ciddi uğurdur. Nəzərə alsaq ki, həm komanda halında dünya çempionu olub, həm də bir dünya çempionatında üç dünya çempionu vermək Azərbaycan idmanında rekorddur. Üstəlik, Eldəniz Əzizli Azərbaycan müstəqillik tarixində dörd dəfə dünya çempionu adını qazanan yeganə idmançı oldu”.
Təcrübəli idmançı bildirib ki, gənc nəsil arasında kifayət qədər perspektivli güləşçilər var: “Xüsusilə də, Nihat Məmmədli məni çox təəccübləndirdi. İlin əvvəlində 60 kq-da çəki dərəcəsində Avropa çempionu olan Nihat, ilin sonunda 63 kq-da dünya çempionu oldu. Bir il ərzində iki çəki dərəcəsində yüksək pilləyə qalxmaq hər idmançıya xas olan xarakter nümunəsi deyil”.
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatına sabah yekun vurulacaq. Yarışda bu gün sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Aytac Sahəd
İdman.biz