Azərbaycanda yeni yaradılan güləş klublarından biri də “Azsport”dur.
İdman.biz xəbər verir ki, 2022-ci ildə əsası qoyulmuş idman klubu ötən ildən Azərbaycan Güləş Federasiyasının (AGF) maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib.
Biləcəri qəsəbəsində yerləşən “Azsport”da sərbəst güləş üzrə ödənişsiz məşqlər keçirilir. Hazırda məşqçilər Orxan Kərimov, Azər İsayev və İbrahim Hadıyevin rəhbərliyi altında 70-ə yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.
Bu idman növünə marağı və motivasiyanı daha da artırmaq məqsədilə ikiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev “Azsport” klubunda master-klass keçib. Paris Olimpiadasından sonra karyerasını başa vuran Əliyev klubun üzvlərinə müxtəlif fəndlərin icrasını nümayiş etdirib və onlara öz tövsiyələrini verib. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərovun da iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.
İdman.biz