Azərbaycanın daha 4 güləş hakimi beynəlxalq dərəcə almağa namizəddir.
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hakimlərin daha yuxarı kateqoriyaya keçməsi ilə bağlı danışarkən bildirib.
Mütəxəssis regionlarda da hakimlərin sayını artırmağa çalışdıqlarını söyləyib: “Azərbaycan Güləş Federasiyasının beynəlxalq dərəcəli 25 hakimi var. Onlardan ikisi - Asif Şirəliyev və Sədi Quliyev olimpiya kateqoriyasına malikdirlər. Bu il Qədim Qurbanov, Elxan Həmidzadə və Samir Fəttayev beynəlxalq dərəcə aldılar. Bir məqamı da qeyd edim ki, bu hakimlər Azərbaycanın bölgələrindəndirlər. Çalışırıq ki, bölgələrdə belə hakimlərimizin sayı çox olsun, regionlarda keçirilən daxili yarışları idarə edə bilsinlər. Bundan başqa, Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəldilər. Daha 4 hakim var ki, beynəlxalq dərəcə almağa namizəddirlər. Son zamanlar hakimlərin seminarları ilə əlaqədar Dünya Güləş Birliyi az yarış keçirir. Bu il daha bir hakimimizin olimpiya kateqoriyası almasına çalışırıq. Dünya Güləş Birliyi bununla bağlı imtahan keçirir. Biz hakimlərin yarışlarda iştirakını təmin edirik, qalanı özlərindən asılıdır. Hər daxili yarışdan öncə onlara seminar keçir, səhvlərini izah edirik. Çalışırıq ki, hakimlik yüksək səviyyədə olsun”.
O, son vaxtlar nüfuzlu yarışlarda Azərbaycanın iki hakimlə təmsil olunduğunu vurğulayıb: “Güləş Federasiyası hakimlərə hər cür şərait yaradıb. Son zamanlar Avropa və dünya çempionatlarında artıq iki hakimlə təmsil olunuruq. Bu da onların təcrübə toplamaları üçün yaxşıdır. Son vaxtlar müsbət fərqlər var”.
Qeyd edək ki, bu il daha iki güləş hakimi - Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəliblər. Milli dərəcəli hakim Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.
İdman.biz