Xorvatiyanın paytaxtı Zaqrebdə güləşçilərin reytinq turniri başa çatıb.
İdman.biz xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə millimizin 11 üzvü medallar uğrunda mübarizə aparıb.
Onlar 1 qızıl və 4 bürünc medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti güləşçilərimizin nəticələrini təqdim edib.
Yunan-Roma güləşi
55 kq
Elmir Əliyev A qrupunda iranlı Mehdi Əhədiyə (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. O, yarımfinalda amerikalı Bredi Kuntsudan güclü olub - 5:0. Elmir Əliyev finalda Mehdi Əhədiyə 7:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
60 kq
Eldəniz Əzizli startda özbəkistanlı Mehrac Bəhramova uduzub - 0:9.
Nihat Məmmədli israilli Melkamu Feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda Bəhramova 6:11 hesabı ilə məğlub olub.
Hüseyn Qəribov debütdə serbiyalı Georgi Tibilova uduzub - 0:6. O, təsəlliverici görüşdə israilli Abere Fetenendən güclü olub - 4:1. Hüseyn üçüncülük uğrunda iranlı Puya Naserpura uduzub - 1:9.
72 kq
Ülvü Qənizadə ilk mərhələdə çexiyalı Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib.
Ruslan Nurullayev debütdə macarıstanlı Levente Levaya 1:4 hesabı ilə məğlub olub. O, təsəlliverici görüşdə finlandiyalı Matias Lipastiyə şans verməyib - 11:0. Ruslan Nurullayev Olimpiya və dünya çempionu iranlı Mohammadreza Gerayi üçüncülük görüşünə çıxmadığına görə bürünc medal qazanıb.
82 kq
Qurban Qurbanov serbiyalı Uroş Leçiç (8:0) və belaruslu İlya Bitseyev (6:0) üzərində inamlı qələbə qazanıb. O, yarımfinalda iranlı Qolamreza Faroxinsenjaniyə uduzub - 3:11. Qurban Qurbanov üçüncülük uğrunda rumıniyalı Vasile Koyoka tam üstünlüklə (9:0) qalib gələrək yarışın bürünc medalını qazanıb.
97 kq
Arif Niftullayev niderlandlı Tirone Sterkenburqa 3:2 hesabı ilə qalib gəlsə də, 1/8 finalda iranlı Şayan Habibzareyə uduzub - 0:8.
Murad Əhmədiyev rusiyalı Maqomed Murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırsa da, belaruslu Abubakr Xaslaxanova uduzub - 2:12. O, təsəlliverici görüşdə iranlı Hamidreza Badkanı məyus edib - 5:4. Murad Əhmədiyev üçüncülük uğrunda iranlı Şayan Habibzareyə 6:3 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
130 kq
Beka Kandelaki Macarıstan güləşçilərinə - Dariuş Viteklə (9:0) Laslo Darabosa (8:2) qalib gəlib. O, yarımfinalda finlandiyalı Konsta Maeenpaeyə məğlub olub - 3:4. Beka Kandelaki bürünc medal uğrunda rusiyalı Marat Kamparova məğlub olub - 2:3.
Ən ağır çəkidə millimizin digər üzvü Sərxan Məmmədov çexiyalı Artur Sarkisyanla amerikalı Kourtney Frimanı 3:1 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əliəkbər Yusifəhmədxaliyə uduzub - 1:9. Sərxan Məmmədov üçüncülük uğrunda macarıstanlı Koppani Lasloya "tuş"la qalib gələrək bürünc medala sahib çıxıb.
İdman.biz