Xetaq Qazyumov: "Nəticələrimiz daha yaxşı ola bilərdi"

Xəbərlər
11 Mart 2025 20:42
92
Xetaq Qazyumov: "Nəticələrimiz daha yaxşı ola bilərdi"

"Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında daha çox qızıl medal qazana bilərdilər".

Bunu İdman.biz-ə açıqlamasında sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumov deyib.

Təcrübəli mütəxəssis komandamızın turnirdəki çıxışını dəyərləndirib: "Avropa çempionatında 9 medal qazandıq. Amma nəticələrimiz daha yaxşı ola bilərdi. Beş finalçımızdan minimum üçü yüksək əyarlı medalı qazanmalı idi. Yalnız bir nəfər bunu bacardı. Bəzi uşaqlar ümidləri tam doğrultmadılar. Bəzilər ilk dəfə finalda çıxış etdiyindən bir az ehtiyalı davrandılar".

Xetaq Qazyumov gənclər yığmasının baş məşqçilərinə təşəkkür edib. O, Cəbrayıl Həsənov, Şərif Şərif və Teymuraz Kokoyevin çempionatdan əvvəl komandanın əla hazırlıq keçməsində rolunu vurğulayıb: "Federasiya rəhbərliyinə komandanın hazırlığı üçün yaratdığı üçün təşəkkür edirəm. Çalışırıq ki, bəzi idmançılar özlərini tam göstərsinlər. Onlardan Rəhman İmanov və Fərid Cabbarov ilk dəfə Avropa çempionatında çıxış edirdilər. Medal qazanmış Yusif Dursunov ilk dəfə medal qazandı. Onların qarşısında maksimum nəticə qoyulmuşdu. Amma bunu tam yerinə yetirə bilmədik. Hər şey dünya çempionatında bəlli olacaq. Avropa çempionatının nəticələrinə əsasən yekun qərar çıxarmaq tezdir. Güləşçilər səylə çalışmalı və dünyada özlərini sübuta yetirməlidirlər".

Qeyd edək ki, Avropa çempionatında Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürüncə sahib olublar.

İdman.biz