Albaniyanın paytaxtı Tiranada keçirilmiş U23 Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın baş məşqçi və idmançıları yarışla bağlı fikirlərini bölüşüblər.
Baş məşqçi Aleksandr Tarakanov yarışda buraxılan səhvlərin üzərində işləyəcəklərini bildirib: "Heyətimiz gənclərdən qurulmuşdu. Onlar qələbə qazanmağa istəkliydilər. Onların bir çoxu xarakter göstərdi. Bəzilərində alınmadı. Buna da zaman lazımdır. Bəzi güləşçilərimiz var ki, bu yaş qrupunda çıxış edə bilərdi, onlar böyüklərin Avropa çempionatına hazırlaşır. Bu yarışda buraxılan səhvlərin üzərində işlənəcək ki, növbəti yarışlarda daha yüksək nəticələr qazanılsın”.
Avropa çempionu Ruslan Nurullayev qələbəni atasına həsr etdiyini deyib: "Ötən il bəzi kiçik nüanslar oldu ki, məni çempionluqdan kənarda qoydu. Çox şükür ki, bu il layiq olduğum qızıl medalı aldım. İlboyu ölkə xaricində və daxilində yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdik. Bu uğurunu davamını U23 dünya çempionatında gətirməyə çalışacağam. Bu qələbəmi atama həsr edirəm. Ona söz vermişəm ki, onun istədiyi bütün medalları qazanacağam. Çox şükür ki, sözümü tutmağa davam edirəm”.
Gümüş mükafatçı Ziya Babaşov nəticəsindən razı qalmadığını bildirib: “Üzərimdə əziyyəti olan məşqçilərə, mənə dəstək verən və mənim üçün dua edən hər kəsə minnətdaram. Gümüş medal qazandım. Nəticəmdən razı deyiləm. Çünki zədələrim oldu. İnşallah, dünya çempionatında bunu qızıl medalla əvəzləməyi düşünürəm”.
Bürünc medalçı Elmir Əliyev ani səhv üzündən qızıl medalı əldən verdiyinə təəssüfünü gizlətməyib: “Məşqlərimiz çox gözəl keçmişdi. Yaxşı hazırlaşmışdıq. Ani bir səhvdən qızıl medalı əldən verdim. Çempion olmalıydım. Hamı mənə ümid bağlamışdı. Qismət beləymiş. Hər halda, medalsız qalmadıq. Qələbə qazandığım bütün görüşlərdə tam üstünlüklə qalib gəldim. Yalnız yarımfinalda qarşılaşma 2:2 bitdi. Son saniyələrdə qələbəni əldən verdim. Ümid edirəm ki, U23 dünya çempionatında bürüncü qızılla əvəzləyəcəyəm”.
Bürünc mükafatçı Xasay Həsənli özündən qızıl medal gözlədiyini etiraf edib: “Medalsız qalmadığıma görə sevincliyəm. Amma 3-cü yerə çıxdığıma görə də məyusam. Mən özümdən qızıl medal gözlüyürdüm. Əfsuslar olsun ki, alınmadı. Gözlənilənləri vermədim. Amma bu idmandı hər an hər şey ola bilər. Avropa çempionatında bütün rəqiblər güclü olur. Xorvatiyada keçirilən təlim-məşq toplanışında dirsəyimdən ağır zədə aldım. Tam istədiyim kimi hazırlaşa bilmədim. Amma bunu məğlubiyyətimə səbəb göstərmirəm. Komanda çox yaxşı hazırlaşmışdı. Uşaqların hamısı Xorvatiyada təlim-məşq toplantısı keçmişdi. Zədələndim və zədəm mənə mane oldu. İstədiyim kimi məşq edə bilmədim. 2022 və 2024-cü illərdə U23 Avropa çempionatında qızıl qazanmışdım. Düşünürdüm ki, 3 qat Avropa çempionu ola bilərəm. Amma düşündüyüm kimi olmadı. Səhvlərim var. İnşallah, bu səhvlərin üstündə işləyib, düzəldəcəyəm”.
İdman.biz