Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Luçani şəhərində keçirilən sərbəst güləş üzrə yarışlar başa çatıb.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan millisi Oyunları 10 medalla başa vurub.
Komandamızın heyətində Elman İsmayılov (38 kq) finalda Marko Kvasnyuku (Ukrayna) məğlub edərək çempion tituluna yiyələnib. Bu, millimizin Gimnaziadada ilk qızıl medalı olub.
İbrahim Həsənov (44 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Hosseyn Teymurikoşardan (İran) güclü olub.
Hüseyn Rzazadə (41 kq) həlledici görüşdə Arşia Muhammadiyə (İran), Fərid Hüseynli (52 kq) Ahmad Reza Salarvandiana (İran) və Məhəmməd Həsənli (62 kq) Muhammad Mehdizadehvaloukolaeiyə (İran) məğlub olduqlarından gümüş medalla kifayətləniblər.
Bürünc medal uğrunda görüşdə isə Tamerlan Namazlı (48 kq) Nurtas Bissenbaya (Qazaxıstan), Elcan Həsənov (57 kq) Evan Ulriçə (ABŞ), Xəyal Şükürlü (68 kq) Şahen Martirosyana (Ermənistan), Elvin Necəfzadə (75 kq) Patrik Zolda (Rumıniya), Tural Eynullayev (85 kq) isə Bakit Alibekə (Qazaxıstan) qalib gəlib.
Beləliklə, 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız komanda hesabında ikinci olub.
Qeyd edək ki, Azərbaycan millisinin Gimnaziadada medal sayı 11-ə yüksəlib. Komandamızın heyətində daha öncə sabliyaçımız 3-cü yeri tutub.
***
16:01
Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Luçani şəhərində sərbəst güləşçilərin mübarizəsinə start verilib.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışa 10 çəki dərəcəsində qatılan Azərbaycan millisinin hər bir idmançısı mükafat şansını davam etdirir.
Məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında Gimnaziadada mübarizə aparan komandanın heyətində Elman İsmayılov (38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) finala vəsiqə qazanıblar.
Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə bürünc medal uğrunda güləşəcəklər.
Həlledici görüşlər saat 16:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi hələlik 1 bürünc medal qazanıb.