Gimnaziadada 10 medal qazanan millimizin məşqçisi: "Daha yaxşı nəticə göstərmək olardı" - MÜSAHİBƏ

Xəbərlər
6 Aprel 2025 19:28
75
Gimnaziadada 10 medal qazanan millimizin məşqçisi: "Daha yaxşı nəticə göstərmək olardı" - MÜSAHİBƏ

Sərbəst güləş üzrə kadetlər arasında Azərbaycan millisinin böyük məşqçisi Namiq Quliyevin İdman.biz-in Zlatiborda keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarına ezam olunmuş əməkdaşına müsahibəsi

- On idmançı ilə təmsil olunduğunuz Gimnaziadada güləşçilərimizin hər biri medal qazandı. Komandanın çıxışını necə dəyərləndirərdiz?

- Yarışa güləş məktəbi ilə fərqlənən İran, ABŞ və Ukrayna milliləri də qatılmışdı. Buna baxmayaq, Gimnaziadanı bizi qane edən bir nəticə ilə başa vurduq. 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazandıq. Bu yarış bizim üçün iyunda İtaliyada keçiriləcək Avropa birinciliyi öncəsi çox dəyərlidir.

- Beş finaldan ikisində qələbə qazandıq. Sizcə, daha çox qızıl medal əldə etmək üçün nə çatmadı?

- Daha yaxşı nəticə göstərmək olardı. 62 kq-da Məhəmməd Həsənli çempion ola bilərdi. 57 kq-da isə Elcan Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq gücündə idi. Sadəcə son saniyələrdə texniki səhvlər buna mane oldu.

- Güləşçilərimiz ancaq iranlı rəqiblərinə məğlub oldular. Doqquz görüşdən yalnız birində qələbə qazana bildik. Bunu necə şərh edərdiz?

- Sərbəst güləşdə həmişə Azərbaycan, Rusiya və İran lider hesab olunur. Hər bir yarışda da əsas mübarizə bu komandalar arasında gedir. Həmçinin İran Gimnaziadaya əsas heyətini gətirmişdi. Bizdə isə əsas heyətdən beş güləşçi yer alırdı. Onların da hər biri finala yüksəldilər. İkisi qızıl medala sahib oldu. Digər beş nəfəri yoxlamaq, təcrübə toplamaları məqsədilə gətirmişdik. Çünki yaşları azdır.

- Həmin beş güləşçilərin çıxışından razı qaldız?

- Bəli. Bürünc medal qazandılar, amma nəticələri daha yüksək ola bilərdi. Hələlik lazımı təcrübələrinin olmaması buna mane oldu.

İdman.biz