Avropa çempionatı: İki güləşçimiz finalda, yığmamız 3 bürünc qazanıb

Xəbərlər
8 Aprel 2025 21:12
220
Avropa çempionatı: İki güləşçimiz finalda, yığmamız 3 bürünc qazanıb

Güləş üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın ikinci günündə sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Beş çəki dərəcəsində mübarizəyə start verilib. Digər beş kateqoriyada təsəlliverici görüşləri baş tutub.

Azərbaycan millisinin 9 pəhləvanı xalçaya çıxıb. Güləşçilərimizdən ikisi finala yüksəlməyi bacarıb. Onlar sabah həlledici görüşdə qüvvələrini sınayacaqlar.

Bu gün 3 pəhləvanımız bürünc qarşılaşmasına çıxıb. Hər üç təmsilçimiz medal qazanmaq şansını qaçırmayıb.

Avropa çempionatı
Sərbəst güləş

57 kq
İslam Bazarqanov bürünc medal uğrunda güləşib. Onun rəqibi İvaylo Tisov (Bolqarıstan) olub. 12:2 hesabı ilə qalib gələn İslam Avropa çempionatında yığmamıza ilk medalı qazandırıb.

61 kq
Nurəddin Novruzov ilk qarşılaşmasını 1/4 finalda keçirib. O, albaniyalı Zelimxan Abakarova 2:11 hesabı ilə uduzub. Onun rəqibi finala yüksələ bilmədəyindən güləşçimiz bürünc şansını itirib.

65 kq
Əli Rəhimzadə bürünc medal uğrunda qarşılaşmaya çıxıb. Andrey Sviridlə (Ukrayna) üz-üzə gələn təmsilçimiz 4:0 hesabı ilə qalib gələrək, bürüncə sahib çıxıb.

70 kq
Kənan Heybətov bürünc medal uğrunda qarşılaşmada İsmayıl Musukayevlə (Macarıstan) yarışıb. Daha yaxşı təsir bağışlayan güləşçimiz 5:2 hesabı ilə alib gələrək, fəxri kürsüdə yer almağı bacarıb.

74 kq
Ağanəzər Novruzov yarışa 1/8 finaldan başlayıb. O, Yeqor Akuliçə (UWW) tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Giorgi Elbakidzeni 5:3 məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Ağanəzər albaniyalı Çermen Valievə 0:6 hesabı ilə uduzub. Təmsilçimiz sabah bürünc uğrunda Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.

79 kq
Orxan Abasov təsəlliverici görüşə çıxıb. O, slovakiyalı Aksarbek Qulayevə 3:4 hesabı ilə uduzaraq medal şansını itirib.

86 kq
Arseniy Djioyev 1/8 finaldan yarışa start verib. O, Artur Nayfonova (UWW) 1:2 hesabı ilə uduzub.

92 kq
Osman Nurmaqomedov xalça üzərinə 1/8 finalda ukraynalı Denis Sahalyuka tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala adlayıb. Ardınca Yaroslav Yadkovskini (UWW) 10:0 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinala yüksəlib. O, gürcü Miriani Maysurazdeyə 5:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Osman qızıl uğrunda Dauren Kuruqliyevlə (Yunanıstan) üz-üzə gələcək.

125 kq
Giorgi Meşvildişvili 1/4 finaldan yarışa start verib. Vladislav Baytsayevə (Macarıstan) 5:0 hesabı ilə qalib gələn güləşçimiz yarımfinala vəsiqə qazanıb. Giorgi bu mərhələdə Yanis Xramiankova (UWW) 8:5 hesabı ilə məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə gürcü Solomon Manaşvilə ilə qarşılaşacaq.

Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

İdman.biz

Məqalədə: