Güləş üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın üçüncü günündə yığmamız hesabına ilk qızıl medalı yazdırıb.
Giorgi Meşvildişvili 125 kq çəki dərəcəsində bütün rəqiblərindən güclü olub. O, finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib. Yığmamızın daha iki üzvü - Osman Nurmaqomedov gümüş, Ağanəzər Novruzov isə bürüncə sahib çıxıb.
Güləşçilərimiz Bratislavadakı çempionatın ilk iki günündə 3 bürünc medal qazanmışdılar. Yekunda sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub. Təmsilçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıblar.
Qadınların mübarizəsində Azərbaycan millisinin iki idmançısı xalçaya çıxıb. Onlardan biri yarımfinala yüksəlsə də, uduzub.
Avropa çempionatı
Qadın güləşi
55 kq
Elnurə Məmmədova təsnifat mərhələsindən mübarizəyə başlayıb. O, rumıniyalı Beatris Ferentlə "tuş"la məğlub olub.
59 kq
Alyona Kolesnik 1/4 finalda xalçaya çıxıb. O, Alesya Getmanovaya (UWW) 7:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə türkiyəli Bediha Günə uduzaraq, finaldan kənarda qalıb. Kolesnik sabah bürünc uğrunda güləşəcək.
Sərbəst güləş
74 kq
Ağanəzər Novruzov 3-cü yer uğrunda Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşıb. 6:4 hesabı ilə qalib gələn güləşçimiz yığmamıza 4-cü bürünc medalı qazandırıb.
92 kq
Osman Nurmaqomedov qızıl uğrunda Dauren Kuruqliyevlə (Yunanıstan) üz-üzə gəlib. Görüş rəqibin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Osman gümüşlə kifayətlənib.
125 kq
Giorgi Meşvildişvili finalda gürcüstanlı Solomon Manaşvili ilə yarışıb. Qarşılaşma 7:7 hesabı ilə yekunlaşsa da, yığmamızın üzvü son xal hesabına Avropa çempionu olub. Giorgi son saniyələrdə 4 xallıq fəndlə bu uğura imza atıb.
İdman.biz