Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili güləş üzrə Azərbaycan yığmasının yüksək nəticələr əldə etməyə qadir olduğunu deyib.
Mamiaşvili İdman.biz-ə eksklüziv müsahibəsində Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında mükafatlandırma mərasimi zamanı baş verən qalmaqala da münasibət bildirib.
Dünən mərasim zamanı federasiya rəhbəri medalı təqdim edərkəm keçmiş rus güləşçisi, hazırda Albaniya yığmasında çıxış edən Çermen Vəliyevi satqın adlandırıb. Hadisə baş verən zaman sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumov həmyerlisi Vəliyeva dəstək olub.
Mixail Mamiaşvili öz növbəsində millimizin baş məşqçisi ilə şifahi mübahisəni inkar edib: "Mən Bratislavada keçirilən Avropa çempionatında Qazyumovla danışmadım. Son 8 ayda onunla ümumiyyətlə ünsiyyətim olmayıb".
Bununla belə, İdman.biz-in məlumatlı mənbələri Mamiaşvili ilə Qazyumov arasında insidentin həqiqətən də baş verdiyini təsdiqləyib. Amma görünür, tərəflər Azərbaycan və Rusiya güləş federasiyaları arasında yaxşı münasibətləri nəzərə alaraq, bunu açıq şərh etməmək qərarına gəliblər.
Mükafatlandırma mərasimi zamanı baş verən faktla bağlı Mamiaşvili bunları deyib: "Bu məsələ həddən artıq şişirdilib, bu haqda o qədər danışmağa dəyməz. Sadəcə olaraq, bəziləri orada görmək istədiklərini görüb, tutdular".
Rusiya Güləş Federasiyasının rəhbəri Azərbaycan güləşçilərinin uğurlarını daim izlədiyini və uğurlarına sevindiyini vurğulayıb. "Azərbaycanda ənənəvi olaraq çox güclü komanda və güclü güləşçilər var. Görülən işlər öz bəhrəsini verir. İndi Azərbaycan millisinin beynəlxalq arenada daha böyük uğurlar qazanmaq iqtidarında olan perspektivli komandası var", deyə - Mamiaşvili əlavə edib.
O, sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumovun fəaliyyətindən də danışıb: "Mən dostum Namiq Əliyevin (Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti) idmançılara necə qayğı göstərdiyini görürəm və əminəm ki, onun kimi peşəkarların sayəsində Azərbaycan güləşinin böyük gələcəyi var. Həmçinin, komandada da Xetaq Qazyumov kimi sahəsində peşəkar, güləşdə böyük təcrübəsi olan mütəxəssis çalışır".
RGF-nin rəhbəri qeyd edib ki, rusiyalı güləşçilərin böyüklər arasında beynəlxalq yarışlara buraxılmasından sonra istedadlı idmançıların xaricə axını dayanacaq: "Biz belə tendensiyanın bitəcəyini gözləyirik. Tələbələrimizi kütləvi şəkildə cəlb edən ölkələr öz güləşlərini inkişaf etdirməyərək, düzgün olmayan strategiya seçiblər. Bundan başqa, xarici komandaları təmsil edənlərin çoxu Rusiyada təlim-məşq toplanışınlarını davam etdirirlər və Rusiya güləş məktəbinin sayəsində inkişaf edirlər".
İdman.biz