Sərbəst güləş üzrə Serbiyanın qızlardan ibarət U-15, U-17 və U-20 milli komandalarının böyük məşqçisi Ziyad Əliyevin İdman.biz-in Zlatibora ezam olunmuş əməkdaşına müsahibəsi
- Azərbaycanda da məşqçi kimi işləmisiz, yoxsa karyeranıza burada başlamısız?
- Uzun illər Azərbaycan millisinin şərəfini qorumuşam. Bütün yaş qruplarında ölkə çempionu, beynəlxalq turnirlərin qalibi olmuşam. Həmçinin gənclər arasında dünya birinciliyinin qızıl medalını qazanmışam. Karyeramı bitirdikdən sonra məşqçiliyə başlamışam. Bakıda işləmişəm, ardınca da burada çalışıram.
- Bəs Serbiyaya gəlməyiniz necə alındı?
- Deyərdim ki, məhz qismət nəticəsində oldu. 15 yaşında oğlum var, futbol oynayır. Onu buraya “Partizan” və “Srvena Zvezda” klublarına baxışa gətirmişdim. Belqrad təmsilçiləri uşağı bəyəndiklərindən burada qalmalı olduq. Mən də Serbiya Güləş Federasiyasına yollanaraq özüm haqda məlumat verdim. Qurumda da həmyerlimiz Yusif Abbasov vitse-prezident vəzifəsində çalışır. O, bu həftə Serbiyanın Dünya Güləş Federasiyasına nümayəndəsi də seçilib. Mənə də Abbasov dəstək oldu.
- Bəs birdən-birə hansısa kluba və ya şəhər komandasına deyil, milli komandaya təyinatınız necə oldu?
- İki ildir Belqradda yaşayıram. Amma milli komandada ötən ildən çalışıram. Serbiyada yunan-Roma güləşindən fərqli, sərbəst güləş çox inkişaf etməyib. Mütəxəssisə ehtiyacları vardı. Yusif Abbasov da məni təklif etdi. Nəticələrim və işimlə bağlı məlumat verdi. Serblər üçün də maraqlı oldu. Hər kəs Azərbaycanın güləş ölkəsi olduğunu, məşqçilərinin dünyada seçilən olduğunu bilir. Danışdıq, proqramımı təqdim etdim və ardınca işə başladıq. Qarşıma qoyulan əsas hədəflərdən də biri oğlan sərbəst güləşçilərini yetişdirmək üçün proqram hazırlamaqdır. Onları sərbəst güləşə cəlb etmək üçün davamlı işlər görürük.
- Hazırda komandanızda və Serbiyada durum necədir?
- Sərbəst güləş burada inkişaf dövrünə qədəm qoyub. Problem mütəxəssis yoxluğudur. Serbiyada Yuqoslaviya dönəmindən belə yunan-Roma güləşi məşhur olub. Sərbəst güləşin də o səviyyəyə çatması üçün kimsə gəlib burada çalışmalı, yaşamalı, yaxud hansısa mütəxəssis dəvət olunmalı idi. Məşqçi dəvət etməmələrinin də səbəbi sərbəst güləşə gələnin olmamasıdır. Amma yunan-Roma güləşinə axın var.
- Onda Azərbaycan güləşi ilə heç müqayisə edə bilmərik.
- Çox böyük fərq var. Müqayisə edə bilməyəcəyik. Yunan-Roma güləşçiləri isə əladır. Bu növdə serb idmançıları hər kəs tanıyır. Avropa, dünya çempionları var. Nəticələri dünya səviyyəsində normaldır.
- Məşqçilik təcrübəniz elə də çox deyil. Maraqlıdır, işinizlə bağlı hansısa təcrübəli həmyerlimizdən məsləhətlər alırsız?
- Düzü, yox. Ehtiyac olduqda baxıb araşdırıram və ya yerli məsləhət alaram. Çünki özüm illərdir bu işin içindəyəm, hələ də öyrənirəm, araşdırıram. Bu səbəbdən də çətin duruma düşmədiyimdən kimdənsə nəsə soruşam.
- Qarşıdakı illərdə sizi Serbiyanın əsas milli komandasında görə bilərik?
- Hər şey ola bilər.
- Bəs Azərbaycandan Serbiya yığması üçün gözaltı etdikləriniz var?
- Bəli. Çünki serblərin gələcəkdə bəzi çəki dərəcələrinə azərbaycanlı güləşçi gətirmək istəyi var. Bu, Yusif Abbasovun da təşəbbüsüdür. İstəyirik ki, yerli idmançılarımız da legioner həyatı yaşasınlar. Dağıstanlıları hamı gördü, indi də bizimkiləri görsünlər.
- Artıq konkret adlar var?
- Var. Amma hələlik araşdırmalarımızı davam etdiririk. Adlarını açıqlamayacam. Amma 65 kq, 70 kq və 125 kq çəki dərəcələrində olduqlarını deyə bilərəm.
- Gimnaziadanın gedişində güləşçilərimizi izlədiyinizi, hətta hər birinin görüşünün videosunu çəkdiyinizi gördüm. Bu vətən sevgisindən irəli gəlir, yoxsa “casusluq” edirsiz?
- Doğma Azərbaycandan olduğu üçün hər birinə dəstək oluram. Burada məni tanıyan serblər də millətimə olan sevgimi yaxşı bilirlər. Hətta əvvəldən də deyirdilər ki, Azərbaycan millisi də gələcək, onlara dəstək olacaqsan? Bildirirdim ki, bəli. Yığmada da tələbələrim var. Oyunlarda gümüş medal qazanan Günel Kərimli (50 kq) və üçüncü olan Gülay Xasməmmədova (33 kq) üzərində Elvin Aslanovla 1 ilə yaxın zəhmətim var. Əlaqələrimiz, ünsiyyətimiz də qalıb.
- Bildirdiniz ki, oğlunuzla bağlı Serbiyaya gəlmisiz. Onun indi karyerası nə yerdədir?
- Oğlum Nazim Əliyev 2010-ci il təvəllüdlüdür. 8 və 10 nömrə mövqelərində oynayır. Azərbaycanda “Sabah” Futbol Akademiyasının yetirməsidir. 2023-cü ilin aprelində “Partizan”a baxışa gətirmişik. Gəldiyimiz ilk gündən bəyəniblər və kluba qəbul ediblər. Sənədlərimizin isə gec hazır olması səbəbindən oğlumu ikinci komandaya göndərdilər. Orada səviyyə aşağı olduğu üçün başqa skautlara müraciət etdik. Onlar bizi “Srvena Zvezda”da baxışa göndərdilər və belə deyək, oğlumun topa ilk toxunuşundan dedilər ki, bu uşaq bizə lazımdır. 2023-cü ilin avqustundan indiyədək bu klubdadır. U-15 komandasındadır. Düzdür, hələlik rəsmi oyunlara çıxmayıb. Bu da sənəd məsələsinə görədir, burada bir az çətindir. Bir aya oturum sənədi hazır olacaq. Gələn ildən “Srvena Zvezda”nın U-16 komandasında oynayacaq.
- Oğlunuz Azərbaycanın U-15 millisinə də çağırılıb. Yenə də yığmamızda çıxışını davam edəcək?
- Bəli. Milli komandaya dəfələrlə dəvət alıb. Son dəfə çağırılanda qolu sınmışdı və Belarusa təlim-məşq toplanışına gedə bilmədi. İndi hər şey yaxşıdır. Düşünürük ki, oğlumu gələcəkdə parlaq karyera gözləyir. Hədəf yüksəkdir. Potensial da olduğu üçün buradayıq. Əgər uşaqda potensial görməsələr, Belqraddın aparıcı klubunda saxlamazlar. O, bu komandada ilk azərbaycanlıdır və çalışacağıq ki, özünü doğrultsun.
Tahir Hümmətov
İdman.biz