Avropa çempionumuz: “Qaldı dünya çempionatı və Olimpiya qızılı”

Xəbərlər
19 Aprel 2025 17:26
296
Avropa çempionumuz: “Qaldı dünya çempionatı və Olimpiya qızılı”

“Avropa çempionatına yaxşı hazırlaşmışdım”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin güləşçisi Nihat Məmmədli deyib.

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan pəhləvan mübarizənin asan keçmədiyini bildirib: “Həm ötən il, həm də bu il finala qədər çətinliyim olmayıb. Ancaq həlledici görüşləri müqayisə etsək, ötən il daha çox çətinlik çəkdim. Bu il də təcrübəli Serbiya idmançısı ilə gərgin görüş keçdi. Ancaq yekunda qalib gələ bildim. Ümumiyyətlə, son zamanlarda ciddi zədəm olmayıb. Hazırlıqlar da yaxşı keçmişdi. Bu da yarışda özünü göstərdi”.

60 kq-da mübarizə aparan Yunan-Roma güləşçisi bundan sonra əsas hədəfinin dünya çempionatının qızılı olduğunu vurğulayıb: “Mən bildiyim qədərilə bizdə elə bir güləşçi yoxdur ki, iki dəfə ardıcıl Avropa və dünya çempionu olsun. Hazırda əsas məqsədim odur. Avropanı qazandım, qaldı dünya çempionatı. Məlum məsələdir ki, dünya çempionatı çox gərgin olacaq. Ümid edirəm ki, məqsədimə çata biləcəyəm”.

Məmmədli Olimpiya arzusundan da söz açıb: “Bütün idmançılar kimi mən də Olimpiya qızılını arzulayıram. Təəssüf ki, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək mənə qismət olmadı. 2028-ci ildə Los-Anceles Olimpiadasınıb qızılını qazanmaq üçün indidən əlimdən gələni edirəm. Olimpiya çəkisində güləşdiyim üçün çəki dəyişmək haqqında düşünmürəm. Ola bilsin ki, bu müddət ərzində məşqçilərimin məsləhəti ilə hansısa yarışlarda 63 kq-da güləşdim. Buna artıq məşqçilər qərar verəcək. Ancaq Los-Anceles Olimpiadasında 60 kq-la iştirak etmək istəyirəm. Ümid edirəm ki, Olimpiya çempionu olmaq mənə nəsib olar”.

Qeyd edək ki, Məmmədli Bratislavada keçirilən Avropa çempionatının finalında Serbiya güləşçisi Georgi Tibilovu məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran Azərbaycan yığması 151 xalla komanda hesabında birinci yeri tutub.

Aytac Sahəd
İdman.biz