Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun İdman.biz saytına müsahibəsi
- Həmişə görüşə özünüzəxas şəkildə çıxırsız. Xalçaya qaçaraq ayaq basmanızın sirri nədir?
- 2021-ci ildə dünya çempionatında erməni güləşçisi ilə mübarizə apararkən ilk dəfə görüşə bu tərzdə çıxmışdım. O zamandan indiyənə kimi də artıq eyni tərzdə xalçaya çıxıram.
- Dünyada tanınmış idmançıların çoxu xalçaya və ya meydana fərqli cür çıxır. Bəziləri sol, bəziləri sağ ayağa üstünlük verir. Sizdə belə bir inanc var?
- Mən döşəyə sağ ayaqla çıxıram. Təbii ki, bu bir inancdır. Məndə bunun uğur gətirdiyinə inanıram və belə edirəm.
- Bəs istənilən yarışda sənin üçün hansı qitənin güləşçisi ilə mübarizə aparmaq çətin olur?
- Rusiyalı və gürcü güləşçilər çox zaman güclü olurlar. Lakin elə çəki dərəcələri var ki, həmin qitənin idmançıları güclü deyillər. Buna görə də burada qitə ayrı seçkiliyi etməzdim. Güclü güləşçilər bir çox ölkələrdə mövcuddur.
- Bu sualı səbəbsiz vermədik. Gümüş medal qazandığın son dünya çempionatının finalında sanki kubalı rəqibin fiziki cəhətdən daha yaxşı formada idi...
- Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ikinci yerə çıxdım. Rəqibim olan kubalı idmançı fiziki cəhətdən güclü idi. Bir sıra səhvlərə yol verdim. Parterdə onu qaldırmışdım, amma fəndin icrasını yerinə yetirə bilmədim. Təbii ki, bu səhvlərimdən də nəticə çıxardıb, irəli baxmalıyam.
- Bəzi döyüşlərdə sanki yorğun olduğun hiss olunur. Bu problemi Paris-2024 Yay Olimpiya Oyunlarınadək aradan qaldırmaq çətin olmayacaq?
- Son zamanlar təşkil olunan dünya çempionatları ağır olur. Çünki idmançıların sayı çoxluq təşkil edir və gərgin mübarizə hökm sürür. İştirak edən idmançılar yüksək şəkildə hazırlıqlı formada gəlirlər. Sonuncu dünya çempionatının final mərhələsində yorğun idim. Lakin sonda təcrübə öz sözünü dedi. Çalışacam ki, Paris-2024 Yay Olimpiya Oyunlarına kimi bu yorğunluğumu aradan qaldırım.
- Hesabda geri düşdüyünüz zaman geridönüş edə biləcəyinizə əminliyinizi nə ilə əlaqələndirərdiz?
- Bunu mən xarakterimlə əlaqələndirərdim. Çünki hesabda geri düşdüyüm zaman fokus edərək qabağa düşmək mümkün deyil. Belə olduğu halda da, yalnız rəqibi yoraraq, xarakter göstərmək lazımdır.
- Avropa çempionluğu və dünya ikinciliyi arasında seçim etsəz, hansını yüksək dəyərləndirərdiz?
- Seçim etməzdim. Hər ikisi də mənim üçün dəyərlidir. Düzdür, mundialda finala yüksəlməklə Olimpiya lisenziyasını təmin etdim. Lakin Avropa çempionluğu başqadır. Dünya ikinciliyi Avropa çempionluğunun yerini vermir.
- Karyeranda ən yaddaqalan görüş və ya xal dedikdə, ağlınıza ilk gələn hansı olur?
- 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatın da xal hesabında geridə idim. Lakin görüşün son 1 dəqiqə 20 saniyəsində irəli keçdim və qələbə qazandım. Bu mənim üçün çox yadda qalan oldu.
- Paris-2024-də karyeranda yeni səhifə açılacaq, Olimpiadada debüt edəcəksən. Artıq demək olar ki, indidən 4 illiyin ən möhtəşəm yarışına özünü psixoloji cəhətdən hazırlayırsan?
- Lisenziya əldə etdikdən sonra hazırlıqlarımız davam edir. Yarışdan öncə danışmağı sevmirəm. Lakin qələbə qazanmaq üçün əlimdən gələni etməyə çalışacam.
- Bayram Bayramov, Vaqif Feyzullayev, yoxsa Həsən Əliyev? Bu adları necə şərh edərdin?
- Mən Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuşam. Orada güləşə Bayram Bayramovun başçılığı ilə başlamışam. Yeddinci sinifdən şəxsi məşqçim Vaqif Feyzullayev ilə birlikdə Turac Hüseynovun da üzərimdə böyük əziyyəti var. Yığma komandaya cəlb olunduqdan sonra isə artıq Həsən Əliyevlə çalışdıq. Ümumilikdə bu dörd insan mənim üçün çox əzizdir. Hər birinin üzərimdə böyük əziyyətləri olub.
- Cəmi 21 yaşında belə böyük uğurlar fonunda sabahınızla bağlı hansı 3 sözü deyə bilərsiz?
- Böyük nailiyyətlər qazansam da, bunlar məni rahatlaşdırmır. Çünki məqsədlərim çox böyükdür. Olimpiya çempionu olmaq istəyirəm. Heç vaxt yaxşı nəticələr məni mübarizəmdən yayındıra bilməz. Nəticədən asılı olmayaraq daha da yaxşı hazırlaşacağıq.
- Yeniyetmə və gənc güləşçilərimizin sizin kimi tez böyük yaş qruplarına qalxması üçün nələri düzgün etməlidirlər?
- Öncəliklə yeniyetmələrimiz qida və yuxu rejimlərinə diqqət etməlidirlər. Daha sonra çox məşq edərək, öz üzərlərində çox çalışmalıdırlar ki, yüksək yerlərə qalxa bilsinlər.
Banuçiçək Hüseynli
İdman.biz