Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında ilk günün mükafatlandırma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan tədbirdə qaliblərə medalları Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Azərbaycan müdafiə naziri Zakir Həsənov, gənclər və idman nazirinin müavini Mariana Vasileva və Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede təqdim ediblər.
Mükafatçılara kubok və diplomlar da verilib.
Azərbaycan yığması çempionatın ilk gününü 4 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub. Mundialda sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl medal qazanıblar.
Qadınların mübarizəsində isə Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, "Sərhədçi” İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.
Banuçiçək Hüseynli
İdman.biz